Accessibility links

Səfir Şaraşenidze: Gürcüstanın yeni hökuməti Azərbaycanla strateji əməkdaşlıq kursunu saxlayacaq


Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze

Xarici siyasətdə prioritetlər Avropaya inteqrasiya, ABŞ və Azərbaycanla münasibətlərin genişləndirilməsi olacaq

Gürcüstanın yeni hökuməti ölkənin xarici siyasi kursunun ardıcıllığını saxlayacaq. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu ölkədə keçirilən parlament seçkilərinin yekunları ilə bağlı bugünkü mətbuat konfransında bildirib.

Parlament seçkilərində müxalifətin “Gürcü arzusu” koalisiyası qalib gəlib.
Koalisiyanın lideri Bidzina İvanişvili yeni hökumətə rəhbərlik edəcək. Postsovet dövründə ilk dəfə olaraq Gürcüstanda hakimiyyətin dinc yolla, inqilabsız, zorakılıq olmadan dəyişdirilməsi baş verib.

Səfir qeyd edib ki, xarici siyasətdə prioritetlər Avropa və Avroatlantik strukturlara inteqrasiya, strateji tərəfdaşlarla, o cümlədən ABŞ və Azərbaycanla münasibətlərin genişləndirilməsi, regional qonşularla əlaqələrin inkişafı olacaq.

Eyni zamanda Gürcüstan Rusiya ilə dialoqa açıq olacaq. Lakin Gürcüstanın milli maraqlarına zərər vuran məsələlər danışıqların predmeti ola bilməz.

“Gürcüstan ərazisində Rusiyanın üç səfirliyi fəaliyyət göstərə bilməz”, - Şaraşenidze Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Gürcüstan üçün qəbuledilməz olduğuna işarə edərək bildirib.

Onun fikrincə, bu mərhələdə söhbət Rusiya ilə iqtisadi və mədəni əlaqələrin bərpasından gedə bilər.

Gürcüstan hökumətinin yeni rəhbəri ilə Azərbaycan rəhbərliyi arasında əlaqəyə gəlincə, İvanişvilinin ilk səfəri ABŞ-a olacaq.
Bundan sonra Azərbaycana da səfər razılaşdırıla bilər.

Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə dair sualın cavabında səfir bunu “incə məsələ” adlandırıb. Lakin dövlət sərhədinin 2/3 hissəsi razılaşdırılıb. Görünür, yeni hökumət formalaşdıqdan sonra bu məsələ ilə yeni adamlar məşğul olacaqlar. Səfir ümidvar olduğunu bildirib ki, tezliklə tərəflər bu mövzunu uğurla başa vuracaqlar. “Əsas odur ki, bundan ötrü tərəflərin iradəsi var”, - o qeyd edib.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunan Şaraşenidze deyib ki, Azərbaycan və Gürcüstan ərazisində işlər başa çatıb, Türkiyə tərəfi isə işlərin yubadılmasını relyefin mürəkkəbliyi ilə izah edir.

Gürcüstan regional layihələrə sadiqliyini saxlayır və regional əməkdaşlıqda daha fəal iştirak etmək niyyətindədir.

Səfir qeyd edib ki, rəsmi Tbilisi GUAM ilə ardıcıllığını saxlayacaq. O əlavə edib ki, Azərbaycan sədrlik edən təşkilat kimi, dekabrda Bakıda GUAM-ın sammitinin keçirilməsini təklif edir.
XS
SM
MD
LG