Accessibility links

Gürcüstanın xarici işlər naziri Azərbaycanda səfərdədir


Gürcüstanın xarici işlər naziri Azərbaycanda səfərdədir
Gürcüstanın xarici işlər naziri Azərbaycanda səfərdədir

Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişafı, iqtisadi əlaqələr və regional münaqişələr müzakirə ediləcək

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin Azərbaycana iki günlük işgüzar səfəri başlayıb.

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Amerikanın Səsi radiosuna bildirib ki, cənab Vaşadze Azərbaycanın xarici işlər və nəqliyyat nazirləri ilə danışıqlar aparacaq. Danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişafı, beynəlxalq təşkilatlarda əməkdaşlıq, iqtisadi əlaqələr və regional münaqişələr müzakirə ediləcək.

Gürcüstanlı nazirin Azərbaycan prezidenti tərəfindən qəbul edəcəyi də nəzərdə tutulur.

Nazir Vaşadze səfər öncəsi ANS televiziyasına müsahibəsində bildirib ki, Gürcüstan, Azərbaycan və Ermənistan arasında istənilən dialoqda fəal rol oynayır, çünki Gürcüstan bu faciəvi münaqişənin tezliklə sulh yolu ilə həll olunmasının tərəfdarı olan bir ölkədir. “Bizim Cənubi Qafqazda birliyin olmasına, Cənubi Qafqazın iqtisadi fəallığına və hər üç ölkənin regionun iqtisadi inkişafı barədə düşünməsinə və Avropa strukturlarına tez bir zamanda inteqrasiya etməsinə ehtiyacımız var. Təkcə öz adımdan deyil, bütün Gürcüstan xalqı adından deyə bilərəm ki, biz ATƏT-in Minsk qrupu, yaxud başqa bir beynəlxalq qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında bu münaqişənin tezliklə həll olunacağına ümid edirik. Biz hər iki ölkə tərəfindən münaqişənin həllində rol oynamağa dəvət edilirik və təbii ki, biz münaqişənin həllində rol oynamağa həmişə hazırıq. Biz istəyirik ki, Cənubi Qafqazda hər üç ölkə qarşılıqlı, səmərəli layihələrə cəlb olunsun, Cənubi Qafqaz sülh, sabitlik və əməkdaşlıq zonası olsun. Düzünü desək, hər üç ölkə kifayət qədər çox vaxt itirib və bu gün artıq reallığın üzünə baxmalıyıq və dərk etməliyik ki, münaqişə beynəlxalq hüquq prinsiplərinə əsasən həll olunmalıdır”, - deyə o qeyd edib.

Cənab Vaşadze Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tarixi əhəmiyyətlini qeyd edib. “Biz Asiya və Avropa arasında körpü tikəcəyik. Bu, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üç hissədən ibarət bir körpü olacaq. İnanın ki, bu dəmiryol layihəsi tamamlananda, ümid edirəm ki, planlaşdırıldığı kimi, 2012-ci ildə başa çatacaq, xüsusilə bizim ölkələrimiz təkcə regiondan deyil, bütün Mərkəzi Asiyadan, bəlkə hətta Çindən də təkcə hidrokarbogen deyil, başqa ticarət malları da daşıyacaq və bu sahədə daha da əhəmiyyətli rol oynayacaq. Başqa bir əhəmiyyətli tərəf isə odur ki, biz həmişə bu layihəyə daha böyük Cənub Dəhlizi layihəsinin ayrılmaz bir tərkib hissəsi kimi baxmışıq. Bu dəmiryolu onu sübut edir ki, Cənub Dəhlizi layihəsi siyasi təxəyyülün məhsulu deyil, layihə təkcə Gürcustan və Azərbaycanın qərarı deyil, bütün dünya iqtisadiyyatının ehtiyacı olan bir fəaliyyətdir”, - deyə nazir səfərindən öncə ANS televiziyasına müsahibəsində qeyd edib.

XS
SM
MD
LG