Accessibility links

Qubad İbadoğlu: Höküməti cavabdeh etmək üçün platforma yaratdıq


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisadçı ekspert, ABŞ-in Rutgers Universitetinin professoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə yeni qurulmuş BİZ - Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri platforması haqqında danışıb.

“Höküməti hesabatlı və cavabdeh etmək üçün bir platforma yaratdıq”
please wait

No media source currently available

0:00 0:13:58 0:00

Qubad İbadoğlu deyir ki, belə bir platformanın yaranmasına zərurət Azərbaycan cəmiyyətində vəhdətə olan ehtiyacdan irəli gəlir.

“Biz hesab etdik ki, birliklə biz olmağımızı nümayiş etdirə bilərik. Ona görə Azərbaycanın ictimai-siyasi həyatında tanınmış bir neçə şəxslər, fəallar və ekspertlərlə birlikdə bu platformada birləşmək və BİZ adından çıxış etmək qərarı verdik.”

Cəmiyyətin ehtiyaclarını öyrənmək və ödəmək hər bir hakimiyyətin borcudur.

İqtisadçı ekspert qeyd edir ki, platformanın yaradılmasında əsas məqsəd Azərbaycan hakimiyyətinin cəmiyyət qarşısında cavabdehliyini artırmaq, vətəndaş təşəbbüslərini hakimiyyətə çatdırmaq və hakimiyyətin daha çevik və düzgün qərarlar qəbul etməyə vadar etmək üçün vətəndaşları səfərbər etməkdir.

“Ölkədə gedən proseslər, qlobal səviyyədə baş verənlər onu göstərir ki, həqiqətən də cəmiyyətlə hesablaşmaq, cəmiyyətin ehtiyaclarını öyrənmək və ödəmək hər bir hakimiyyətin borcudur. Təəssüflər olsun ki, Azərbaycanda cəmiyyətlə hakimiyyət arasında böyük bir boşluq var və cəmiyyətdən gələn rəylər, təkliflər və tövsiyələr hakimiyyətə çatmır," o qeyd edir.

İbadoğlunun fikrincə İlham Əliyev iqtidarı hesabatlı hakimiyyət deyil və cavabdehlik nümayiş etdirmir. "Azərbaycanda vətəndaş fəallığının güclənməsi, ictimai səfərbərliyin artırılması və qərarların qəbulunda ictimai iştirakçılığa nail olmaq və eyni zamanda Azərbaycan hakimiyyətini hesabatlı və cavabdeh etmək üçün belə bir platforma yaratdıq,” o, əlavə edir.

Siyasət əxlaqlı, açıq və dürüst olmalıdır.

İqtisadçı yeni yaranmış BİZ platformasının digər təşkilat və platformalardan fərqləndirən əsas cəhətlər haqqında da danışıb.

“Bizim üçün ən vacib dəyər birlik, həmrəylik və vəhdət dəyəridir. Bu, çox önəmlidir, çünki Azərbaycan cəmiyyəti uzun müddətdir birliyin, həmrəyliyin olmamasından əziyyət çəkir. Azərbaycan cəmiyyəti düşünür ki, biz bir olaraq heç bir şey edə bilmirik. BİZ-in qayəsi də məhz həmin birlik üzərində qurulub - Birlik İnkişafa Zəmanətdir.

İkinci bir məsələ əxlaq məsələsidir. Təəssüflər olsun ki, son zamanlar cəmiyyətdə belə bir fikir hakim olub ki, siyasət çox yalan danışanın, üzlü adamların sənətidir. Amma mən dəfələrlə demişəm ki, siyasət əxlaqlı, açıq və dürüst olmalıdır. Biz istəyirik ki, burada toplanan adamlar onu da nümayiş etdirsinlər. Öz əxlaqımızı, mədəniyyətimizi, dürüstlüyümüzü bu platforma vasitəsilə təqdim edək.

Sonuncu fərq isə ondan ibarətdir ki, bu virtual bir məkandır. Biz burada qarşımıza böyük problemlər və iddialar qarşımıza qoyuruq. Biz, təşəbbüs qrupunda təmsil olunan şəxslər bütün bunları həll etmək imkanlarına malik deyilik. Biz istəyirik ki, həmin məsələrin məsuliyyətinin həm də bu platformada dəstəkçilərimizlə bölüşək. Onlar da az-çox məsuliyyət hiss etsinlər ki, bu sadəcə sənin, mənim problemim deyil, bu problemi kimsə gəlib bizim yerimizə həll etməyəcək. Bu problemlərin hər hansı bir istiqamətdə həllində onun da rolu, təsiri ola bilər.”

Harda azərbaycanlı varsa, orada da BİZ var.

Qubad İbadoğlu əlavə edib ki, BİZ təşkilatı strukturlaşmış təşkilat deyil. Onun nə rəhbəri var, nə də idarə heyəti. Sadəcə təşəbbüs qrupu var ki, o da ictimai platformanın beyin mərkəzidir.

“Bu platformanın bir üstünlüyü də ondan ibarətdir ki, bu platformada məkan anlayışı yoxdur. BİZ bütövlükdə bütün dünyanı əhatə edirik. Harada azərbaycanlı varsa, orada da BİZ var.

BİZ-in hal-hazırda səkkiz nəfərlik təşəbbüs qrupu var. Onların arasında informasiya texnologiyaları sahəsində mütəxəssis Güllü Cahangirova, Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu, təhlükəsizlik istiqamətində ekspert İlham İsmayıl, keçmiş diplomat və səfir Arif Məmmədov, ictimai-siyasi fəallar Bəxtiyar Hacıyev, Rüfət Səfərov və Nəsimi Məmmədli var.

Bu şəxslərin hamısı ekspert kimi özünü cəmiyyətdə qəbul etdirən, tanıdan şəxslərdir. Bu insanların hamısı indiyə qədərki işləri ilə, vətəndaş mövqeyi ilə cəmiyyətdə pozitiv istiqamətdə tanınmış insanlardır.”

Şərhlərə bax

XS
SM
MD
LG