Accessibility links

Hökumətin yardım planı və əks reaksiyalar


Nazirlər Kabineti

Azərbaycan hökuməti koronavirus pandemiyasının təsirlərinin azaldılması üçün yardım paketini açıqlayıb. Müstəqil ekspertlər və müxalifət lideri paketin işsiz əhalinin böyük hissəsini əhatə etmədiyini bildirir.

Tədbirlər Planı

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamında nəzərdə tutulan tədbirlər planını təsdiq edib.

Sərəncam aprelin 4-dən qüvvəyə minir.

İnsanlar sosial şəbəkələrdə bu şüarları yayıb
İnsanlar sosial şəbəkələrdə bu şüarları yayıb

Sənədə görə, bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb.

Tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 80 milyon manat ayrılıb.

Bununla yanaşı, plana görə aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.

Sənəddə bu il pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması) məqsədi ilə 215 milyon manat ayrılıb.

İşsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb.
Nazirlər Kabinetinin sənədindən sitat


Bu ilin aprel ayında pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 500 milyon manat məbləğində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) əlavə 20 milyon manat ayrılacaq.

Bundan başqa, güzəştli ipoteka kreditlərinin verilməsi üçün bu ay İKZF-yə əlavə 90 milyon manatın ayrılması nəzərdə tutulub.

Həmçinin aprel-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat, il ərzində həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat ayrılacaq.

Sənədə əsasən aprel ayında Azərbaycanda iqtisadi fəallığın qorunmasına vergi stimullarinin verilməsi dövlətə 115 milyon manata başa gələcək.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, bur neçə gün öncə Azərbaycanın iqtisadiyyat naziri planın həyata keçirilməsi üçün əvvəlcə 1 milyard manat ayrılsacağı elan edilsə də, sonradan bu rəqəmin 2,5 milyard manatadək artırıldığını bildirib.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli: Bu ailələrə yönəlik yardım deyil

İqtisadçı ekspert Nazim Bəydəmirli Amerikanın Səsinə bildirib ki, başqa ölkələrdə olduğu kimi ailələrə yönəlik yardımların olmamasına təəssüf edir.

Nazim Bəydəmirli: Bu ailələrə yönəlik yardım deyil
please wait

No media source currently available

0:00 0:05:50 0:00
Direct link
Hökumət 2020-ci ilin dövlət büdcəsində investisiya layihələri üçün ayrılmış vəsaiti ixtisar etməklə həm özəl sektorda 600 min hədəflədiyi işçiləri, həm də "kölgə iqtisadiyyatı" adlandırdığı və əhatə etməyi düşünmədiyi fərdləri, ailələri azı 190 manat yaşayış minimumu və ya 250 manat minimum əmək haqqı miqdarında yardım etməklə böhrandan çıxmağını təmin edə bilərdi.
Nazim Bəydəmirli, ekspert

“Bəlkə də bu baş verəcək. Ancaq bu günə açıqlanan 300 min muzdla çalışan işçilərin ixtisara salınmaması üçün hökumətin 215 milyon manat, həmçinin mikro və fərdi sahibkarlara 80 milyon manat kompensasiya verməsi çox cüzi rəqəmlərdir. Buradakı rəqəmlər iqtisdadiyyat nazirinin səsləndirdiyi optimist mesajlardan ciddi fərqlənir. Görünən odur ki, rəqəmlər korrektə olunub. Yəqin ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində hökumətin əlində bir o qədər vəsait yoxdur. Elan olunan yardım paketinin maliyyə tutumu çox da yüksək deyil və 2020-ci ilin dövlət büdcəsində bu vəsaitlərdən daha çox vəsaiti tapmaq mümkündür. Muzdla çalışanlar üçün minimum əmək haqqını təmin etsələr bu ayda 75 milyon manat, fərdi sahibkarlar, mikro sahibkarlar üçün də eyni rəqəmi götürsək bütövlükdə vergi ödəyicisi olan özəl sektora dəstək ayda 150 milyon manatı, ilin sonuna qədər versələr belə 1 milyard 350 milyon manatı keçməzdi. Hesab edirəm ki, hökumət 2020-ci ilin dövlət büdcəsində investisiya layihələri üçün ayrılmış vəsaiti ixtisar etməklə həm özəl sektorda 600 min hədəflədiyi işçiləri, həm də "kölgə iqtisadiyyatı" adlandırdığı və əhatə etməyi düşünmədiyi fərdləri, ailələri azı 190 manat yaşayış minimumu və ya 250 manat minimum əmək haqqı miqdarında yardım etməklə böhrandan çıxmağını təmin edə bilərdi,” o qeyd edib.

Ekspert hesab edir ki, statistika ölkədə işsizliklə bağlı reallığı əks etdirmir.

“Fevralın 1-nə olan məlumatlara görə ölkədə işsizlik statusu almış şəxslərin sayı 86 mindən bir az artıqdır. Ola bilər ki, bir ay ərzində bu rəqəm ciddi şəkildə artırılıb. Hökumətin indiki məlumatında göstərilir ki, 200 min işsizlik statusu almış şəxs var. Görünən odur ki, bir ay ərzində əvvəllər işsiz kimi müraciət edənləri tələsik qeydiyyata alıblar. Bu müsbət haldır ki, işsizlərin real sayı göstərilir. Amma, hökumət ildən-ilə işsizliyin 5 faizdən aşağı olduğunu bəyan edir və bunu bir yaxşı göstərici kimi qeyd edir. O da bəllidir ki, normal iqtisadiyyatı olan ölkələrdə işsizlik səviyyəsi 8-10 faiz olanda hətta hökumətlər bunu yaxşı bir rəqəm hesab edir. Real odur ki, Azərbaycanda işsizlik gənclər arasında azı 50 faiz, ümumilikdə isə 30 faizdən yüksəkdir. İşsizlik sığortasının ödənilməsi də doğru aparılmır. Ümumilikdə atılan addımları yetərli saymıram. Hesab edirəm ki, hölkumətin əlində kifayət qədər instrumentlər var ki, pandemiyanın ailələrə ciddi təsir etməməsi, qıtlıq yaranmaması üçün həm şəffaflığı artırsın, həm dövlət xərclərini azaltsın, həm də fərdi ailələrin təminatı üçün addım atsın,” Bəydəmirli Amerikanın Səsinə deyib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Heç bir gəliri olmayan əhalinin böyük əksəriyyəti yardımlardan kənarda qalacaq

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, inkişafdan danışanda hamıdan irəlidə olduğumuzu bəyan edən Azərbaycan hakimiyyəti xalqa nəsə etmək lazım gələndə yenə də ən geridə qalanlar sırasında olur.

Yalnız qeydiyyatda olan 200 min işsizə yardım edilməsi nəzərdə tutulur. Halbuki Azərbaycanda qeydiyyatda olmayan işsizlərin sayı dəfələrlə çoxdur.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Təəssüf ki, yardımların ayrılması barədə qərar çox gec verildi. Yardımların həcmi çox az, yardımlar veriləcək əhalinin əhatəsi də çox məhduddur. Yalnız qeydiyyatda olan 200 min işsizə yardım edilməsi nəzərdə tutulur. Halbuki Azərbaycanda qeydiyyatda olmayan işsizlərin sayı dəfələrlə çoxdur. Koronavirusla mübarizə işiniə cəlb olunan könüllüllürə verilən 358 manat mükafat da çox azdır. Bu könüllülərin iş saatları şübhəsiz ki, 8 saat olmayacaq. Eyni zamanda onlar sağlamlıqları, bəzən həyatları ilə risk edirlərsə ailələrinin tam təmin edildiyinə əmin olmalıdırlar. Əgər bu qərar dəyişdirilməsə pandemiya dövründə heç bir gəliri olmayan əhalinin böyük əksəriyyəti yardımlardan, ümumiyyətlə kənarda qalacaq,” Müsavat Partiyasının lideri qeyd edib.

Rəşad Həsənov
Rəşad Həsənov

Rəşad Həsənov: Plan böhranın dərinliyinə adekvat deyil

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Nazirlər Kabinetinin böhranın təsirlərinin zəiflədilməsinə hədəflənən tədbirlər planı böhranın dərinliyinə adekvat deyil.

Ekspert facebook səhifəsində aşağıdakı bir sıra məsələlərə aydınlıq gətirib:

Fikrimcə bu çox aşağı göstəricidir və nəzərdə tutulan hədəfi təşviq edə bilməyəcək.
Rəşad Həsənov, ekspert

- Pandemiyadan zərər çəkmiş sahələr üzrə muzdla çalışanların əmək haqqına dövlət dəstəyi ən yaxşı halda 2 yaxud 3 ay üçün nəzərdə tutulub. Bu məqsədlə ayrılan 215 milyon manatlıq proqram 2 aylıq olsa orta hesabla adambaşına 358 manat, 3 aylıq olsa isə adambaşına 239 manat ola bilər. Fikrimcə bu göstərici sahibkarın işdən çıxarma qərarının qarşısını almayacaq.

- Mikro sahibkarlara güzəşt şərtlidir. Əgər sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini icra etməyibsə güzəştlərdən yararlana bilməyəcək. Sənəddə deyilir 300 min nəfər. Əgər bu rəqəm sahibkarlıq subyektlərinin sayını nəzərdə tutursa demək ki, bir sahibkar üçün orta dəstək məbləi 267 manat olacaq. Fikrimcə bu çox aşağı göstəricidir və nəzərdə tutulan hədəfi təşviq edə bilməyəcək.

- Əvvəlcədən deyilirdi ki, mikro sahibkarlıq subyektləri 2019-cu ildə ödədikləri vergilər onlara geri qaytarılacaq. Görünən odur ki, bu güzəşt ya təxirə salınıb, yaxud bundan əvvəlki bənddə qeyd edilən maliyyə dəstəyinə daxildir.

- Ödənilməmiş cərimə və sanksiyalar silinməyəcək, sadəcə bir müddət təxirə salınacaq.

- Özəl sektora icarə haqları üzrə güzəşt yalnız dövlət əmlakından istifadə üçün nəzərdə tutulur. B2B halında heç bir dəstək olmayacaq.

- Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə sahibkara güzəşt çox məhdud çərçivədə olacaq. Hansı ki, işçinin saxlanılması fəaliyyətin dayanması halında əmək haqqı ilə yanaşı həmçinin ciddi fiskal öhdəlik yaradır. Buna görə də işdən çıxarmaların qarşısını almaq mümkün olmayacaq.

- Sosial xarakterli tədbirlər qeyri-rəsmi əmək bazarının iştirakçısı olan əhəmiyyətli kəsimi əhatə etmir.

- Elektrik enerjisi limiti cəmi 2 aylıq (aprel-may) ayları üçün 100 kv/saat artırılıb.

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

XS
SM
MD
LG