Accessibility links

Hüquq müdafiəçisi hədələndiyini bildirir


Rüfət Səfərov

Hüquq müdafiəçisi Rüfət Səfərovun hədələndiyi bildirilir.

Bu barədə Rüfət Səfərov özü Amerikanın Səsinə məlumat verib.

Onun sözlərinə görə, hədə mayın 14-də günorta “Facebook”un “Messenger” bölməsindən gəlib.

“Günorta radələrində gördüm ki, “Messenger”də mənə bir nəfər yazdı. Mənə xatırlatdı kimdir. Mən də dostluğa qəbul etdim. Adamın üzünü bir neçə ay əvvəl bir dəfə gördüm və ondan sonra görmədim. Mənə təcili görüşmək lazım olduğunu dedi, nömrəmi istədi".

Hüquq müdafiəçisi deyir ki, o görüşmək istəməyib.

“O mənə bildirdi ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində bir nəfərin taleyi həll olunur. Mənimlə əvvəlcə hörmətlə, ehtiramla danışırdı. Onun israrla görüş təklifindən şübhələnib görüşmək istəmədiyimi deyəndən sonra isə o, mənə sevgilisinə sataşdığımı və buna görə cavab verəcəyimi dedi. Mən ona məni rahat buraxmadığı təqdirdə polisə müraciət edəcəyimi bildirdim. O isə mənə "adam öldürdüyümə görə həbsdə yatan adamam, qorxmuram" dedi".

Rüfət Səfərovun sözlərinə görə, bu, məişət problemi deyil:

“Mən tam deyə bilmərəm ki, kiminsə göstərişini yerinə yetirir. Əlimdə fakt,əsas yoxdur. Hər halda böyük ehtimal edirəm ki, öyrədilmiş adamdır. Başqa cür necə ola bilər ki, mənə zəng eləsin görüşə çağırsın. İmtina etdikdə isə mənə böhtan atsın?”

Hələlik, hüquq müdafiəçinin dediyi şəxslə danışmaq mümkün olmayıb.

O deyir ki, artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və təhlükəsizliyinin təmin edilməsini istəyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə "Turan" xəbər agentliyinə bildirib ki, deyilən məsələdən xəbərdardır:

"Rüfət Səfərovun atası mənə zəng vurdu, mən ona rəsmi qaydada polis orqanlarına müraciət etməyi tövsiyə etdim. Rəsmi şikayət olunarsa, polis orqanları araşdırma aparıb lazımi tədbir görəcək".

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG