Accessibility links

Hüquq müdafiəçiləri Azərbaycanda 111 nəfər siyasi məhbus olduğunu deyirlər


Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq aprelin 5-də siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahıya 111 nəfər daxildir.

Araşdırmanın həmmüəllifi, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, siyahı prezident İlham Əliyevin mart ayında əfv sərəncamı nəzərə alınmaqla yenilənib.

Prezidentin sərəncamına əsasən 38 siyasi məhbus, o cümlədən "Nardaran işi" üzrə 30 nəfər, "Gəncə işi" üzrə 3 nəfər azad edilib.

Bundan əlavə, siyasi partiyaların iki üzvü - Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənov və Orxan Baxışlı azad edilib.

"Jurnalistlər və bloqerlər" qrupunda olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elçin İsmayıllı da azadlığa çıxıb.

Azadlığa buraxılmış daha bir nəfər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Məhəmməd İmanlı "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs olunanlar" qrupunda yer almışdı.

Bundan əlavə, hüquq müdafiəçiləri tərəfindən "siyasi girov" kimi tanınan Emin Saqiyev də əfv edilib. O, mühacirətdə olan tənqidçi jurnalist Türkel Azərtürkün qohumudur.

Eyni zamanda, siyahıya bloqer Elçin Həsənzadə və onunla birlikdə diffamasiyaya görə məhkum olunmuş bloqer və aktyor İbrahim Salamov, həmçinin ictimai fəal Nicat İbrahim daxildir.

İttifaq əfv aktından məmnun deyil, çünki bu, yenə də siyasi məhbuslar problemini həll etməyib.

Yeni siyahıda hazırda 111 şəxs siyasi məhbus hesab edilir. Onlar yeddi qrup üzrə təsnif edilib: "Jurnalistlər və bloqerlər" - 7 nəfər, "Müxalifət partiyalarının və hərəkatların üzvləri" – 6 nəfər, "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs olunanlar" – 3 nəfər, "Dindarlar " – 18 nəfər, "Tərtər işi üzrə mühakimə olunanlar" - 25 nəfər, "Gəncə işi üzrə mühakimə olunanlar" - 38 nəfər, "Ömürlük mühakimə olunanlar" - 14 nəfər.

Siyahının digər həmmüəllifi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur.

Rəsmi Bakı ölkədə insanların əqidəsinə, firkilərinə görə təqib olunmadığını bildirir. Hökumət rəhbərləri Azərbaycanda fundamental insan hüquqlarının tam təmin edildiyni və siyasi məhbusların olmadığını bəyan edir.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Ölkə beynəlxalq mətbuat azadlığı indeksində 200 ölkə arasında 168-ci yerdə qərarlaşıb.

Şərhlərə bax

XS
SM
MD
LG