Accessibility links

Hüquq müdafiəçiləri Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı beynəlxalq araşdırma aparılmasını istəyir


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Vətəndaş Həmrəyliyi Platforması azərbaycanlı hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatına suqi-qəsdi pisləyir və ATƏT, Avropa Şurası, BMT və həmin təşkilatlara üzv olan dövlətləri bu hadisə ilə bağlı beynəlxalq araşdırma aparmağa çağırır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında qeyd olunur ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Azərbaycanın paytaxtında gündüz saatlarında piyada keçidini keçərkən qəsdən avtomobillə vurulub. O, başından ciddi travma alıb və komaya düşüb.

Ölkədəki və dünyada baş qaldıran ictimai etirazlardan sonra Azərbaycan hakimiyyəti xüsusi təyyarə ayıraraq, Gülalıyevi İstanbuldakı klinikalardan birinə göndərib və o orada yüksək ixtisaslı həkimlər tərəfindən yenidən əməliyyat olunub. Türkiyəli həkimlərin sözlərinə görə, əgər qəzadan sonra ilk 4 saat ərzində müvafiq yardım göstərilsə idi, hüquq müdafiəçisinin həyatına təhlükə olmayacaqdı.

2019-cu il ərzində Oqtay Gülalıyev 8 dəfə hüquq-mühafizə orqanlarına çağırılıb, qanunsuz olaraq dindirilib, psixoloji təzyiqə məruz qalıb və ondan insan hüquqları ilə əlaqədar fəaliyyətlərə, siyasi məhbuslar məsələsini işıqlandırmağa son qoymaq tələb edilib.

2012-ci ildə Gülalıyev hüquq-müdafiə fəaliyyətinə görə həbs edilib və bir neçə ay həbsxanada qalıb.

Sui-qəsd cəhdindən bir ay əvvəl hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşları Gülalıyevə telefon edərək, bədbəxt hadisənin qurbanı ola biləcəyini açıq şəkildə bildiriblər.

Vətəndaş Həmrəyliyi Platforması hesab edir ki, hüquq müdafiəçisi 2018-ci ilin iyulunda Gəncə şəhərində baş vermiş kütləvi etiraz aksiyaları zamanı həbs olunanların işgəncələrə məruz qalması ilə bağlı prinsipial mövqeyinin qurbanı olub.

Vətəndaş Həmrəyliyi Platforması Azərbaycan hakimiyyətini və ATƏT üzvü olan dövlətləri hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatını xilas etmək üçün zəruri tibbi yardımın göstəilrməsi üçün mümkün olan hər şeyi etməyə çağırır.

Bəyanatı Platformaya daxil olan 30-dan çox hüquq-müdafiə təşkilatı imzalayıb.

XS
SM
MD
LG