Accessibility links

Hüquq müdafiəçiləri siyasi məhbus kimi tanınan şəxslərin əfv edilməsini təklif edir


Hüquq müdafiə təşkilatları - Siyasi Məhbusların Monitorinqi Mərkəzi, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi hakimiyyətə geniş amnistiya və əfv elan etmək çağırışı ilə müraciət edib. Onlar bu aktı 145 siyasi məhbusa da şamil etməyi təklif edib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, hüquq müdafiəçilərinin bugünkü görüşündə 2015-ci ilin noyabrından etibarən faktiki olaraq fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu Nardaran qəsəbəsindəki vəziyyətə xüsusi diqqət yetirilib.

“Nardarana giriş hələ də məhduddur. Polis qəsəbəyə gələnləri yoxlayır. Yerli sakinlər arasında sistemli şəkildə 3-5 gün müddətinə həbslər olur. Məscidlərə getmək qadağandır,” görüşdə keçmiş deputatlığa namizəd Zemfira Hüseynova bildirib.

Hüquq müdafiəçiləri hakimiyyəti Nardaranda məhdudiyyətləri ləğv etməyə və yerli sakinlərə qarşı təzyiqlərə son qoymağa çağırıb.

Müharibə Əlil və Veteranlar İctimai Birliyinin üzvü Mübariz Əliyev İkinci Qarabağ müharibəsi veteranlarının əlillik alması ilə bağlı problemlərə diqqət çəkib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin veteranların banklara olan borclarının silinməsi haqqında qərarına baxmayaraq, maliyyə müəssisələri onlardan kreditləri ödəməyi tələb edir. Əliyev həmçinin hərbçilərin maaşının aşağı olmasına diqqət çəkib.

Hüquq müdafiəçisi Mehdi Şamilli diqqəti ömürlük həbs cəzası çəkən şəxslərin probleminə cəlb edib. Onlar 1990-cı illərin ortalarında güllələnməyə məhkum ediliblər, ölüm cəzası ləğv edildikdən sonra isə cəzaları ən ağır cəza olan ömürlük həbslə əvəz olunub. Amma onlar artıq 25 il və daha artıq həbs cəzası çəkiblər. Onların bir hissəsi siyasi məhbus kimi tanınıb.

İclas iştirakçıları hakimiyyəti bu şəxsləri, habelə “Nardaran işi” ilə bağlı həbs edilmiş, ağır xəstə olan İbrahim Xudaverdiyevi əfv etməyə çağırıb.

Xatırladaq ki, son günlər Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bir neçə iclasını keçirib. İclaslarda bir neçə yüz müraciətə baxılıb.

Komissiyanın üzvlərinin dediyinə görə, mindən çox insanın əfvi ilə bağlı müraciət daxil olub.

Azərbaycanda artıq iki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.

Son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.

Ötən il aprelin 7-də COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.

Son aylarda çoxsaylı hüquq-müdafiə təşkilatları ölkə başçısına müraciət edərək əfv və ya amnistiyanın vacibliyini xatırladıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanınan yüzdən çox məhbusun əfvini xahiş edib.

XS
SM
MD
LG