Accessibility links

Hüquq müdafiəçisi “Gəncə işi” məhkəməsindən yazıb


"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

“Gəncə işi" ilə bağlı 2018-ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrdə təqsirləndirilən 2 qrupun (8+8 nəfərin) məhkəməsi aprelin 11 və 12-də Bakının Sabunçu Rayon Məhkəməsində davam etdirilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülaliyev facebook səhifəsində yazıb. Hüquq müdafiəçisi hər iki məhkəmə iclaslarında iştirak edir.

Onun məhkəmə barədə məqaləsini təqdim edirik:

Məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçirildi. İbtidai istintaq dövründə yol verilən pozuntular məhkəmədə də təkrarlanırdı. Hakimlər və dövlət ittihamçıları nəyin bahasına olursa olsun ittiham aktını təsdiq etməyə çalışırdılar. Bu isə təqsirləndirilən şəxslərin, onların vəkillərinin və valideynlərinin haqlı narazılığına səbəb olurdu.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Məhkmənin ən vacib və dəhşətli səhnələrindən biri təqsirləndirilən şəxslərin həbs olunan zaman Gəncədə və Bakıda "bandotdel"- də məruz qaldıqları ağır işgəncələri bildirmələri idi. Valideynlər işgəncələrə ağlamaqla və bunu edənlərə qarğışla qarşılıq verir, hakimlər isə danışanları dayandırmaq, başqa yerə istiqamətləndirmək, özlərini heç nə eşitmirmiş kimi aparmaları və işgəncə hallarını ört- basdır etməklə reaksiya verirdilər.

Hətta işgəncəyə məruz qalan Rauf Bayramov adlı təqsirləndirilən şəxs 9 ay ötməsinə baxmayaraq bədənində işgəncənin izlərini göstərmək istədi, hakim imkan vermədi. Demək olar ki, bütün təqsirləndiriln şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri-insani münasibətə məruz qaldıqlarını bildirdilər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu faktları hakimlər və ittihamçılar gözməzlikdən gəlirdi...

Demək olar ki, bütün təqsirləndiriln şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri-insani münasibətə məruz qaldıqlarını bildirdilər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu faktları hakimlər və ittihamçılar gözməzlikdən gəlirdi.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Hüseynzadə Oqtay Nazim oğlunun və digərlərinin təqsirlndirildiyi qrupda olan şəxslər Cinayət Məcəlləsinin nə az, nə çox- 23 ağır maddəsi ilə ittiham olunur. Onlar adam öldürməkdən tutmuş silah gəzdirmə, narkotika, hakimiyyətin zorla əl keçirilməsi (!?), konstitusiya qurluşunun zorla dəyişdirilməsi, terror, quldurluq, hədə- qorxu ilə tələb etmə, xuliqanlıq və s. maddələrlə ittiham olunurlar. İttihamlar o qədər absurd və ağlasığmazdır ki, vəkillərin sualları qarşısında aciz qalan dövlət ittihamçısı bəzən "biz bu maddələrlə bunları ittiham etmirik" deyə vəziyyətdən çıxmaq istəyirdi. Maraqlıdır ki, 23 maddə ilə ittiham olunan bir çox şəxslər hadisə zamanı nəinki meydanda, 10 iyulda ümumiyyətlə Gəncədə olmayıblar (!?). Onların bir "əsas günahı" qətldə ittiham olunan Rəşad Böyükkişiyevin onlarla nə zamansa münasibətinin olması, salam verməsi və onların yanından ötüb keçməsidir (ifadə təqsirləndiriln şəxslərin vəkillərinin və valideynlərinin fikrindən götürülüb).

Çox maraqlıdır ki, ittiham tərəfi məhkəməyə təqsirəlndirilən şəxslərdən istintaq zamanı işgəncə ilə alınmış etirafedici ifadələrdən və yalançı şahid ifadələrindən başqa hər hansı dəlil, sübut təqdim etmir. Dəfələrlə vəsatət verilsə də şəhər kamerasının görüntüləri məhkəmədə nümayiş olunmur.

Hakimlər və ittihamçılar bəzi təqsirləndirilən şəxslərə davamlı təzyiq göstərməsi vəkillərin narazılığına və etirazına səbəb oldu. Vəkillərdən Xaliq Hüseynov vəsatət verərək ədalətli məhkəmə araşdırmasına imkan vermədiyi və bundan əvvəlki qrupda iştirakına görə 2 hakimin- Faiq Mahmudov və Xəqani Səmədovun prosesdən kənarlaşdırılmasını tələb etdi. Vəsatəti qəbul etməyən hakim vəkilə 5 dəfə rəsmi xəbərdarlıq etdi (!?)

"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Elmir Hüseynzadə və digərlərinin ittiham olunduğu qrupun məhkəmə prosesinə sədrlik edən hakim - "burada çıxışların və müzakirələrin mətbuatda, sosial şəbəkələrdə dərc olunması yol verilməzdir" -deyərək qanunsuzluqları ört-basdır etməyə çalışırdı. Hadisə görüntülərinin məhkəmədə nümayiş olunmasına imkan verməyən yenə həmin hakim, -"bu sübutların bizim üçün heç bir əhəmiyyəti və hüquqi qüvvəsi yoxdur", - deyərək əslində "Gəncə işi" ilə bağlı ittiham tərəfinin tərtib etdiyi saxta ittiham aktının artıq məhkəmədə təsdiq olunduğunu elan etdi. Bununla da o, həm də İlham Əliyevin bu yaxınlarda "məhkəmələrdə islahatların dərinləşməsi" barədə fərmanına da fatihə vermiş oldu...

"Gəncə işi" ilə bağlı Sabunçu məhkəməsində aparılan tragikomediyaya son verilməli, həbsdə olan şəxslər azadlığa buraxılmalıdır...

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanalrı baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

XS
SM
MD
LG