Accessibility links

Hüquq müdafiəçisi süni nəfəs aparatından ayrılıb, amma…


“Oqtay Gülalıyev özü nəfəs almağa başlayıb, süni nəfəs verən aparatdan ayrılıb, amma bu onun vəziyyətinin yaxşılaşması demək deyil”.

Bunu noyabrın 8-də hüquq müdafiəçisinin yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin vəziyyəti kritik olaraq qalır:

"Oqtayın beyni ödəmlə doludur. Bu ödəm çəkilməlidir, beyin öz işini bərpa etməlidir ki, vəziyyəti yaxşılaşsın. Dünən həkimlər təkrar KT (kompüter tomoqrafiyası) elədilər. Həkimlər konsilium edib, ona iynə vurulacaq. Yalnız bundan sonra bilinəcək ki, Oqtayın beyninin funksiyasının açılmasının ehtimalı nə qədərdir?".

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

XS
SM
MD
LG