Avqustun 3-də "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icracı direktoru Rüfət Səfərov Baş Prokurorluğun İstintaq İdarəsində üç saatdan çox dindirilib. AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və AXCP üzvü Seymur Əhmədovun işgəncəyə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayması şübhə altına alınaraq hüquq müdafiəçisinə rəsmi xəbərdarlıq edilib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq işgəncə iddialarını təkzib edir. Məhbus ailələri isə sübut tələb edir. Fuad Qəhrəmanlı qardaşı Polad Qəhrəmanlı ilə telefonla danışıb və bu barədə Amerikanın Səsinə məlumat verib.
Rüfət Səfərov: Xəbərdarlıq hüquq müdafiə fəaliyyətimə təhdiddir
Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, onu avqustun 3-də Baş Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Mehdi Mirzəyev qəbul edib.
Baş Prokurorluq iddia edir ki, göstərilən faktlar etibarsızdır, əsassızdır. Amma bir halda ki, müdafiəçilərlə görüş baş tutmayıbsa, müdafiəçilərin ictimaiyyətə, xüsusilə hüquq ictimaiyyətinə bir məlumatı yoxdursa, yenə də Fuad və Seymur bəyin taleyi bizi çox narahat edir.Rüfət Səfərov, hüquq müdafiəçisi
“Iyulun 14-15-də keçirilən Qarabağ yürüşü ilə bağlı şahid qismində ifadəm alındı. Həmin yürüşün təşkil edilib-edilməməsində rolumun olub-olmaması dəqiqləşdirildi. Hansı şüarlar səsləndirildiyini sual etdilər. Eyni zamanda, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı, AXCP üzvü Seymur Əhmədovun işgəncələrə məruz qalmaları barədə təmsil olunduğum Müdafiə Xətti hüquq müdafiə təşkilatı iki dəfə informasiya yayıb. Bizə Fuad bəyin və Seymur bəyin dəhşətli işgəncə altında olmaları barədə informasiyalar daxil oldu və əlimizdə əsaslı şübhələr mövcuddur ki, hər iki şəxsin həbsdə olduğu günlər ərzində nə vəkili, nə də ailə üzvləri ilə nə real, nə də telefon vasitəsi ilə ünsiyyətləri olmayıb. Onların sonrakı taleyi bizə bəlli deyil. Eyni zamanda, dünən Fuad bəyin ölüm xəbəri yayıldı. Təbii ki, bu məlumatın mənbəyini qorumaq şərti ilə sosial mediada paylaşdıq. Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət etdik ki, məsələni humanitar qaydada təcili nəzarətə götürsünlər. Həmçinin Baş Prokurorluğa ayrıca çağırış etdik ki, məlumatın araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilsin, hüquqi qiymət verilsin. Belə başa düşdüm ki, Baş Prokurorluq iddia edir ki, göstərilən faktlar etibarsızdır, əsassızdır. Amma bir halda ki, müdafiəçilərlə görüş baş tutmayıbsa, müdafiəçilərin ictimaiyyətə, xüsusilə hüquq ictimaiyyətinə bir məlumatı yoxdursa, yenə də Fuad və Seymur bəyin taleyi bizi çox narahat edir. Onların işgəncəyə, qeyri-insani rəftara məruz qalmaları bizi çox narahat edir. Yekun etibarı ilə Baş Prokurorluq mənə rəsmi xəbərdarlıq etdi. Guya qanunsuz fəaliyyətlə məşğulam. Daha doğrusu həqiqətlə səsləşməyən informasiyalar yayıram. Mən bildirdim ki, bizim göstərdiyimiz informasiya mütləq həqiqət kimi qeyd olunmayıb. Sadəcə informasiya daxil olub, mənbə kifayət qədər mötəbər olduğuna görə, eyni zamanda əsaslı şübhələr olduğuna görə insan haqları təşkilatı olaraq bunu yaymağı özümüzə borc bilmişik. Araşdırılıb hüquqi qiymət verilməsi və araşdırılmasının məsuliyyəti isə Baş Prokurorluğun üzrərinə düşür.”
Hüquq müdafiəçisi deyib ki, prokurorluğun rəsmi xəbərdarlığı onun üçün heç bir ciddi əhəmiyyət daşımır.
“Bu xəbərdarlığı absurd və əsassız sayıram. Hesab edirəm ki, xəbərdarlıq və dindirilmə mənim hüquq müdafiə fəaliyyətimə maneədir, müdaxilədir. Başqa sözlə desək, təhdiddir.”
Rüfət Səfərov ombudsmanın Fuad Qəhrəmanlının işgəncəyə məruz qalmaması ilə bağlı yaydığı məlumata da münasibət bildirib.
“Mən bir neçə dəfə işgəncəyə məruz qalmış keçmiş siyasi məhbusam. İşgəncəyə məruz qaldıqdan bir neçə gün sonra Ombudsman Aparatının əməkdaşları həkimin iştirakı ilə mənə baş çəkib. Üzərimdə olan xəsarətlər həkimin iştirakı ilə qeyd olunub. Amma siz mənə ombudsmanın Rüfət Səfərova işgəncə tətbiqi barədə bir məlumatını göstərə bilərsinizmi? Mən bununla ombudsmanın fəaliyyətini tamamilə kölgə altına salmaq istəmirəm. Çox təəssüf ki, ombudsman bu gün Azərbaycan cəmiyyətində öz etibarlılğı və etimadlılığı ilə fərqlənmir,” o qeyd edib.
Daxili İşlər Nazirliyi: Seymur Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edir
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Seymur Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.Daxili İşlər Nazirliyi
"Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. Seymur Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.
O ki, qaldı Fuad Qəhrəmanlı ad və soyadlı şəxsin guya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır," Zahidov qeyd edib.
Baş Prokurorluq: Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialar əsassızdır
Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddiaları əsassız sayır.
Cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.Baş Prokurorluq
Qurumun mətbuat xidməti bildirib ki, iyulun 14-dən 15-ə keçən gecə baş verən hadisələrlə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin hüquqlarının pozularaq işgəncəyə məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.
“Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir,” açıqlamada yazılıb.
Ombudsman Aparatı: Fuad Qəhrəmanlı və Seymur Əhmədov onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib
Ombudsman Aparatının Məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.
Fuad Qəhrəmanlı və Seymur Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər.Omudsman Aparatı
“...Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. Fuad Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı Fuad Qəhrəmanlı və Seymur Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər.”
Açıqlamaya görə, təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb:
“Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib. Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib,” məlumatda deyilir.
AXCP: 45 nəfər fəal həbs edilib
Son günlər AXCP-nin ayrı-ayrı təmsilçiləri bu partiyanın rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və fəallardan Seymur Əhmədovun taleyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Həmin açıqlamalarda qeyd edilir ki, saxlandıqdan bəri Fuad Qəhrəmanlı ilə yaxınları və vəkili görüşə bilməyib, ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olmayıb. Üstəlik, hər 3 şəxsin işgəncələrə məruz qalması ilə bağlı məlumatların alındığı və məlumatları dəqiqləşdirməyin mümkün olmadığı vurğulanıb.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.
“Onlardan 15 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 10 nəfər hazırda inzibati həbsdədir, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 35 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.
Polad Qəhrəmanlı: Qardaşımın salamat olmasından sevindim
Fuad Qəhrəmanlı qardaşı Polad Qəhrəmanlı ilə telefon əlaqəsi saxlayıb və deyib ki, normaldır, salamatdır.
Polad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, qardaşı ilə telefon danışığı bir dəqiqəyədək çəkib və sonra əlaqə kəsilib.
Həbsxanadan gələn səs idi. Həbsxanadan gələn səs necə olar? Onun salamat olmasından sevindim.Polad Qəhrəmanlı, AXCP funksionerinin qardaşı
“Dedi ki, normaldır, hər şey qaydasındadır. Yenə əlaqə saxlayacaq. O, işgəncə faktı ilə bağlı telefonda mənə heç nə demədi. Mən soruşdum ki, mətbuatda işgəncə ilə bağlı məlumat yayılıb. O dedi ki, hər şey yaxşıdır `mən salamatam`, narahat olma.”
`Fuad Qəhrəmanlının səsi necə idi, səsindən nə hiss etdiniz?" sualının cavabında Polad Qəhrəmanlı dyib ki, “həbsxanadan gələn səs idi. Həbsxanadan gələn səs necə olar? Onun salamat olmasından sevindim,” o, Amerikanın Səsinə müsahibəsində bildirib.
“Özümü “Osvensim” həbs düşərgəsinin müdafiəsiz, ümidsiz əsiri kimi hiss edirəm,” Seymur Əhmədovun belə yazdığı iddia olunur
Hüquq müdafiəşisi Rüfət Səfərov Seymur Əhmədovun aşağıdakı məktubunu sosial şəbəkələrdə yayıb.
“Mən həbs olunduğum gündən etibarən davamlı işgəncə altında olmuşam. Özümü dustaq kimi yox, əsir kimi hiss edirəm. Qarabağa görə yürüşə çıxıb, dövlət və ordu ilə bərabər olduğumu hayqırmışam. Amma buna görə dostlarımla birlikdə əsir düşmüşəm, qardaşlar, bacılar.
O həddə idim ki, artıq ağrıları da hiss edə bilmirdim. Məndən tələb edirdi ki, “üzr istə!!!”. Heç bir cinayət törətmədiyimi dedikdə yenidən dəyənək zərbələri endirildi.Seymur Əhmədovun adından yayılan məktubdan sitat
Saxlanıldığım zamandan bəri hər gün işgəncə altındayam. Ən dəhşətlisi Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində oldu. Ağbəniz və hündürboy, 38-45 yaşlarında, ağ köynək və cins şalvarda olan bir nəfər kameraya daxil oldu. Dəhlizə çıxardılar. Birinci mərtəbədə girişdən solda yerləşən birinci otağa saldılar. Mülki geyimli həmin şəxs polis nəfərinə “dubinka gətir” əmrini verdi. Polis də “dubinka”nı gətirdi. Mülki geyimli “dubinka” ilə məni fasiləsiz surətdə 1 saat döydü. O həddə idim ki, artıq ağrıları da hiss edə bilmirdim. Məndən tələb edirdi ki, “üzr istə!!!”. Heç bir cinayət törətmədiyimi dedikdə yenidən dəyənək zərbələri endirildi. Rütbəsi və vəzifəsi barədə məlumatsız olduğum həmin mülki geyimli şəxs qışqıra-qışqıra hədə-qorxu gəldi ki, əgər kamera qarşısında üzr istəməsəm, daha pis zorakılğa məruz qalacam, ölənədək döyüləcəm. Məcbur qalıb, razılaşdım ki, heç olmasa, təxribatçılara görə üzr istəyim... Razılaşdılar. Kameranın qarşısında təxribatçıların hərəkətlərinə görə üzr istədim.
Hazırda özümü “Osvensim” həbs düşərgəsinin müdafiəsiz, ümidsiz əsiri kimi hiss edirəm. Heç bilmirəm sabah mənim və dostlarımın başına nələr gələcək.
Əziz həmvətənlər, bacılar və qardaşlar, belə ağır günlərdə bizi tək qoymayın,” Seymur Əhmədovun yazdığı iddia olunan məktubda deyilir.
Hüquq müdafiəçisi: Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır
Hüquq müdafiəçisi Rüfət Səfərovun sosial şəbəkələrdə Fuad Qəhrəmanlı ilə bağlı yaydığı məlumatda isə deyilir: “Bir qədər əvvəl Baş Prokurorluqdakı vəzifəli şəxslərdən biri 3-cü şəxs vasitəsilə xəbər yollayıb ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır. Ombudsman, əgər mövcudsunuzsa, təcili surətdə Fuad bəyə baş çəkin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi, ümid sizədir, Fuad bəy işgəncələr altında ölə bilər, lütfən, ona baş çəkin,” hüquq müdafiəçisi bildirir.
Məhbus ailələri: AXCP üzvlərindən siyasi mənsubiyyətinə görə qisas almadığınızı sübut edin
Həbsdə olan AXCP fəallarının ailə üzvləri övladlarının taleyindən narahatdır.
16 fəalın ailə üzvünün imzaladığı müraciətdə deyilir ki, məhbus ailələri həbs edilən 30 nəfərdən artıq AXCP üzvünün hər hansı təxribat törətdiyi barədə sübut və dəlillər təqdim edilməsini tələb edir.
“Əgər bizim övladlarımızın, ailə üzvlərimizin Milli Məclisdə təxribat törətməsinin, insanları iğtişaşa səsləməsinin sübutu varsa, cəmiyyətə təqdim olunsun. Siz ölkə başçısı olaraq, sübut edin ki, bu adamlardan siyasi mənsubiyyətinə görə qisas almırsınız. Bu günə qədər yayılan materiallar göstərir ki, ağır maddələrlə həbs edilmiş həmin insanlar dinc yürüş iştirakçısı olub və bəzi hallarda aqressivliyin qarşısını alıblar. 20 faiz ərazisi işğalda olan ölkənin hakimiyyəti "Qarabağ" deyənlərə divan tutursa, düşmənə bundan böyük mükafat ola bilməz. Biz məhbus ailələri ölkə rəhbərliyinə səslənirik. Düşməni sevindirməyin, vətənpərvər insanlara zülm etməyin. Bizim həbs etdiyiniz övladlarımız, ailə üzvlərimiz dövlətinə və xalqına bağlıdır. Biz onlarla qürur duyuruq. Biz onlara cinayətkar damğası vurulmasına etiraz edirik. Sifarişli məhkəmə tamaşalarına, işgəncə altında ifadə alınmasına, hüquqlarımızın pozulmasına etiraz edirik.”
Adınızı tarixə qara hərflərlə yazdırmaqdan çəkinin. Vətən yolunda şəhid olmağa hazır olan bu insanları şərləyib məhbus etməyin. Müxalifət partiyasının üzvü olmaq cinayət deyil. Qarabağ yürüşündə iştirak etmək cinayət deyil.Məhbus ailələrinin müraciətindən sitat
Məhbus ailələri hökumətdən işgəncəni, şərləməni, sifarişli məhkəmə hökmlərini dayandırılmasını tələb edir.
“Adınızı tarixə qara hərflərlə yazdırmaqdan çəkinin. Vətən yolunda şəhid olmağa hazır olan bu insanları şərləyib məhbus etməyin. Müxalifət partiyasının üzvü olmaq cinayət deyil. Qarabağ yürüşündə iştirak etmək cinayət deyil. Əgər cinayətdirsə, on minlərlə yürüş iştirakçısı arasından niyə cəbhəçiləri seçirsiniz? Bu ittihamların absurd olduğunu hamı bilir. Özünə hörmət edən heç bir hökumət bu formada qisasçılğa imza atmaz.
Ya bizi də həbs edin, ya da günahsız övladlarımızı azad edin.
Biz onların günahsız olduğuna əminik, siz də günahkar olduqlarına əminsinizsə, bunu sübut edin. Xalqın qarşısında ittiham etdiyiniz kimi, xalqa sübutlar da təqdim edin.
Cənab prezident, yürüşdə iştirak etmiş insanlara işgəncə vermək, yürüşdə iştirak etməmiş insanlara 3-4 maddəylə cinayət işi açmaq insanlıq və hüquq adına rəzalətdir. Biz tələb edirik ki, bu qondarma cinayət işinə xitam verilsin, günahsız insanlar azad edilsin. Siz Qurana əl basıb "hər bir azərbaycanlının prezidenti olacam" demisiniz. Amma vətənpərvər azərbaycanlılara divan tutulur və siz buna haqq qazandırırsınız. Övladlarımızın günahı nədir?” müraciətdə qeyd edilir.