Accessibility links

Hüquq müdafiəçisinin ailəsi Baş Prokurorluqda olub


Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi yanvarın 21-də Respublikanın Baş Prokurorluğuna dəvət olunub.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

Onun sözlərinə görə, prokurorluğa Baş Prokuror Kamran Əliyevə müraciət ünvalayandan sonra çağırılıblar.

"Biz yanvarın ilk həftəsində Kamran Əliyevə müraciət göndərmişik. Müraciətdə atamın indiki vəziyyətdə günahkar olduğu hesab etdiyimiz həkimləri məsuliyyətə cəlb edilməsini və prosedurun sürətləndirməsini xahiş etmişik. Keçən ilin payızında həkimlər məsələsi hadisə ilə bağlı cinayət işindən ayrılaraq Nəsimi Rayon Prokurorluğuna göndərilib. Müraciətimizə cavab verilmirdi, amma məsələ ictimailəşəndən sonra bizi qəbula dəvət etdilər."

Təbriz Gülalıyev qeyd edib ki, görüşdə onlara bildirilib ki, Nəsimi Rayon Prokurorluğunda qaldırılmış cinayət işinə xitam verilib.

"Bizə dedilər ki, Nəsimi Rayon Prokurorluğu məsələ ilə bağlı 3 dəfə ekspertiza üçün müracət edib. Ekspertizaların hər üçünün rəyində göstərilib ki, həkimlərin əməllərində cinayət tərkibi olmadığına görə dekabrın 24-də müstəntiq tərəfindən cinayət işinə xitam verilib və bu barədə qərarın surəti bizə göndərilib."

Lakin hüquq müdafiəçisinin ailəsi belə bir qərarı almadığını deyir.

Təbriz Gülalıyev həmçinin bildirib ki, ailəsinin müraciətindən sonra cinayət işi yenidən açılıb.

"Bizə deyilib ki, cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilib və məsələnin yenidən Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılması barədə qərar verilib."

Vəkil Fuad Ağayev bildirib ki, Oqtay Gülalıyevin işində həkimlərin məsuliyyətin olub-olmaması ilə bağlı qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərarın surətini almayıb.

Məsələ ilə bağlı Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Gülalıyevin yaxınlarının dediklərinə, hələlik, "Baku City Hospital"dan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl ölkənin Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Gülaliyevin əməliyyatı ailəsinin tərəddüdləri üzündən bir müddət yubanıb. Tərəddüdlər nədən ibarətdir izah edilmir.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilirdi.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

XS
SM
MD
LG