Accessibility links

Hüquq müdafiəçisinin müalicəsi evində davam etdiriləcək


Oqtay Gülalıyev

İstanbul şəhərindəki Amerika Hospitalında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi noyabrın 8-dən Azərbaycanda davam etdiriləcək.

Belə ki, hüquq müdafiəçisi noyabrın 8-də Azərbaycana gətiriləcək.

Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib ki, ailə Türkiyədə müalicəni davam etdirməkdən imtina edib və bundan sonra müalicəni vətəndə davam etdirmək üçün müraciət edib.

Təbriz Gülalıyev əlavə edib ki, atasının müalicəsi evdə davam etdiriləcək.

“Onun səhhətində çox böyük dəyişiklik yoxdur. Gözlərini açır, bəzən əllərini və ayaqlarını hərəkət etdirir. Reqressiya yoxdur. Ümid edirik ki, vətənə qayıtmağımız istənilən halda atamız üçün uğurlu olacaq,” Gülalıyev deyib.

Xatırladaq ki, 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Oqtay Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.

Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə dəfə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib.

İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. İlkin olaraq ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) üzrə ittiham irəli sürülüb, lakin indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasını nəzərdə tutur. Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Şərhlərə bax

XS
SM
MD
LG