Accessibility links

Hüsnü Mübarək 91 yaşında vəfat etdi


Hüsne Mübarək

Misirin uzun müddət rəhbəri olmuş Hüsnü Mübarək 91 yaşında vəfat edib.

Onun ölümü barədə çərşənbə günü dövlət televiziyasında məlumat verilib.

Mübarək 30 ilə yaxın Misirə rəhbərlik edib. 2011-ci ildə isə 18 gün davam edən etirazlar nəticəsində hakimiyyətdən devrilib.

O, Misir hava qüvvələri sıralarında irəliləyərək komandir, ardınca isə müdafiə naziri müavini vəzifəsinə təyin olunmuşdu.

Hüsni Mübarək
Hüsni Mübarək

Mübarək 1975-ci ildə prezident Ənvər Sədatın müavini təyin olunmuşdu və o, 1981-ci ilin oktyabr ayında islamçı militantlar tərəfindən öldürüləndə Sədatın yanında idi.

Avtoktrat lider daha sonra prezident olmuş və Yaxın Şərqdə etirazlara baxmayaraq, 1979-cu ildə İsraillə əldə olunan razılığı tanıyaraq özünü Qərbin etibarlı müttəfiqi kimi təqdim edərək hakimiyyətdə qalmışdı.

Mübarək ölkədə sərt siyasət yürüdürdü və Misirdə fövqəladə qanun tətbiq etmişdi. Bu qanun təhlükəsizlik qüvvələrinə müxalif fikirli insanları təqib etmək və əsas azadlıqları məhdudlaşdırmaq gücü ilə təmin edirdi.

İslamçı ekstremistlər 1990-cı illərdə yüzlərlə misirli polis, əsgər və mülki vətəndaş, habelə onlarla xarici turistin ölümü ilə nəticələnən zorakı kampiya başladandan sonra onlara qarşı təqiblərə başladı.

Avtoritar prezident uzun müddət ərəb dünyasının ən böyük transmilli İslamçı hərəkatı olan Müsəlman Qardaşlarının qarşısını almaq üçün mübarizə aparıb. Lakin bunu edərkən o həm də, mötədil islamçıları təcrid edib. Bir çoxları onu korrupsiyada ittiham edirdi.

2011-ci ilin yanvarında Qahirə və digər şəhərlərdə onun hökumətinə qarşı kütləvi etirazlar başladı. Fevralın 1-də yaşlı lider sentyabra təyin olunan seçkidə iştirak etməyəcəyini açıqladı. O həmçinin konstitusion islahatlar edəcəyini vəd etdi, lakin misirlilər daha radikal dəyişikliklər tələb edirdi.

Hüsnü Mübarək
Hüsnü Mübarək

2011-ci ilin fevralın 11-də vitse-prezident Ömər Süleyman Mübarəkin vəzifədən getdiyini və ölkəni ordunun ali şurasının idarə edəcəyini elan etdi. Mübarək və ailəsi Qırmızı Dəniz sahilində yerləşən evlərinə qaçdı.

Mübarək daha sonra həbs olunub, hökumət əleyhinə etiraz edənlərin ölümünə görə məsuliyyətə cəlb olundu və 2012-ci ilin iyunun 2-də ona qarşı üsyan edən yüzlərlə insanın öldürülməsinin qarşısını almadığı üçün günahkar tanındı.

O, sabiq daxili işlər naziri Həbib Əl-Ədli ilə birlikdə ömürlük həbs cəzasına məhkum edildi, lakin Misirin ali məhkəməsi daha sonra onlara bəraət qazandırdı.

Mübarək və iki oğlu 2015-ci ildə korrupsiya ittihamları ilə üç il müddətinə həbsə məhkum edildi və o, 2017-ci ildə altı il həbsdə qalandan sonra azadlığa buraxıldı.

XS
SM
MD
LG