Accessibility links

Həbs müddəti başa çatan AXCP sədri müşavirinə qarşı yeni cinayət işi


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Məmməd İbrahim cəzaçəkmə müəssisəsindən təcridxanaya köçürülüb

Sentyabrın 29-da həbs müddəti başa çatan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı yenidən cinayət işi başlanıb. Bu barədə Amerikanın Səsinə onun oğlu Turan İbrahim bildirib.

Məmməd İbrahimin oğlu Turan İbrahimin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Onun sözlərinə görə Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) cinayət işi başlanıb.

İttiham sübut olunarsa M.İbrahimi altı ayadək həbs gözləyir.

"Sentyabrın 28-də axşam Yasamal rayon Məhkəməsi atam barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. O həbs cəzasını çəkdiyi 16 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı təcridxanası) köçürülüb”, Turan İbrahim qeyd edib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Məmməd İbrahim həbs müddətinin bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına (karser) salınıb.

Penitensiar Xidmət M.İbrahimin cərimə təcridxanasına salınmasına onun yatağından kəsici-deşici alətin tapılmasının səbəb olduğunu bildirib. Məmməd İbrahim etiraz olaraq aclığa başlayıb.

Sentyabrın 28-də 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov Məmməd İbrahimin oğlunu qəbul edib.

“Rəis bildirdi ki, atam hazırda cərimə təcridxanasındadır, aclığı dayandırıb, hər hansı problem yoxdur və sentyabrın 29-da azadlığa buraxılacaq. Bu gün isə 16 saylı Cəzaçəkmə Müəssisəsindən atamla bağlı hər hansı məlumat ala bilmədim. Penitensiar Xidmətin “Qaynar Xətti”ndən dedilər ki, atama qarşı Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə cinayət işi başlanıb və onun barəsində məhkəımə iki aylıq həbs qətiimkan tədbiri seçib”, Turan İbrahim Amerikanın Səsinə müsahibəsində deyib.

Bu gün Penitensiar Xidmətdən Məmməd İbrahimə qarşı cinayət işinin qaldırılması ilə bağlı şərh almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov sentyabrın 28-də Amerikanın Səsinə bildirmişdi ki, axtarış-baxış tədbiri zamanı Məmməd İbrahimin yataq yerindən kəsici-deşici alət aşkar edilib.

"Hazırda bununla bağlı araşdırma aparılır və M.İbrahim cərimə təcridxanasına salınıb. Hüquqi qiymət verildikdən sonra, cinayət tərkibi olarsa cinayət işi qaldırılacaq", o qeyd edib.

XS
SM
MD
LG