Accessibility links

Həbs yerlərində saxlanma şəraiti ilə bağlı hesabat təqdim edilib


“Azərbaycanda cəzaçəkmə yerlərinin əksəriyyəti hələ sovet dövründə inşa edilmiş köhnə tikililərdir. Həmin müəssisələrdə qanunlar tam işləmir. Məhbuslara qarşı ayrı-seçkilik halları, korrupsiya faktları, qanunsuzluq və işgəncə halları baş verir.”

Bu barədə "Həbs yerlərində saxlanma şəraiti, Azərbaycanda siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair" hesabatda deyilir.

Hesabatı bu gün Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) təqdim edib.

Bu hüquq-müdafiə təşkilatının üzvü Zümrüd Yağmur deyib ki, hesabatın hazırlanmasında məqsəd ictimaiyyətin diqqətini həmin müəssisələrdə baş verən işgəncə və korrupsiya faktlarına yönəltməkdir.

İşgəncələr bəzi hallarda ölümlə nəticələnib. Bakı İstintaq Təcridxanasında bloger Mehman Qələndərov və Qazax rayon sakini yerli polisdə müəammalı şəraitdə ölüb.
Oqtay Gülalıyev

O qeyd edib ki hazırda ölkədə 150-dən çox siyasi məhbus var.

SMMM koordinatoru Oqtay Gülalıyev bildirib ki, hesabat məhbusların ailələri, vəkillər, beynəxalq təşkilatların sənədləri, keçmiş siyasi məhbusların söhbətləri əsasında tərtib edilib.

Ancaq SMMM nümayəndələrinin özləri cəzaçəkmə yerlərinə getmək imkanlarından məhrum ediliblər.

Penitensiar Xidmət məhbusların ümumi sayı, onların saxlanma xərclərinə dair məlumatları təqdim etməkdən imtina edib.

Həbsxanalarda ümumi vəziyyət ağırdır. Adam çoxdur və həbsxanaların çoxunda məhbuslar növbə ilə yatmalı olur.

Oqtay Gülalıyev müsbət məqamlar sırasında yeni müəssisələrin tikintisi prosesinin başlandığını göstərib.

Bundan əlavə, dustaqlara müntəzəm olaraq telefonla danışmaq hüququ verilib.

Lakin həbsxana yeməyinin keyfiyyəti aşağı olaraq qalır. Baxmayaraq ki, beynəlxalq təşkilatların hesabatlarına görə, hələ 2011-ci ildə dövlət büdcəsindən gündə hər məhbusun qidalanması üçün 8 avro ayrılıb.

Dustaqlara göstərilən tibbi xidmətin keyfiyyəti də aşağıdır.

Gülalıyev diqqəti məhbuslara qarşı işgəncə hallarının yayılmasına yönəldib. Bəzi hallarda bu, ölümlə nəticələnib.

Siyasi Məhbusların Müdafiə Mərkəzi həbs yerlərində durumla bağlı hesabatını təqdim edir
Siyasi Məhbusların Müdafiə Mərkəzi həbs yerlərində durumla bağlı hesabatını təqdim edir

O, 2017-ci ilin aprelində Bakı İstintaq Təcridxanasında bloger Mehman Qələndərovun və bu ilin payızında Qazax rayon sakininin yerli polisdə ölümünü göstərib.

Çoxsaylı işgəncə faktları yerli təşkilatların hesabatlarında da öz əksini tapıb.

SMMM işgəncələrdə əli olan 42 nəfər hüquq-mühafizə əməkdaşının soyadlarını açıqlayıb.

Oqtay Gülalıyev 2016-cı ilin aprel döyüşlərindən sonra casusluqda şübhəli bilinərək həbs olunmuş 8 hərbçinin işgəncədən ölməsi faktını qeyd edib. Onların bəzisini dəfn olunmaq üçün qohumlarına verməyiblər. Lakin sonradan həmin ittihamlar öz təsdiqini tapmayıb və cinayət işləri bəraətverici əsaslarla bağlanıb.

Hesabatın təqdimatında Tərtər rayonunda həlak olan həmin hərbçilərdən birinin, Elçin Quliyevin anası danışaraq oğlunu öldürdüklərini deyib.

Sənəddə adam oğurluğundan da danışılır. Adamların məhkəmə qərarı olmadan qanunsuz şəkildə günlərlə, hətta həftələrlə həbsdə saxlanmasına toxunulur.

Dini fəal Əhsən Nuruzadə, fəal Fatimə Mövlamlı, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli və digərləri ilə belə hallar baş verib.

Korrupsiya faktlarına ayrıca bölmə həsr edilib.

Əsasən qanunla pulsuz olması nəzərdə tutulan hüquqların və xidmətlərin "preyskurantı" göstərilir.

Keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı məhbuslara geyimin verilmədiyini qeyd edib.

Həbsdə olarkən ilk dəfə corabı həbsimdən yarım il sonra verdilər.
Keçmiş vicdan məhbusu Əvəz Zeynallı

Onun sözlərinə görə, özü həbsdə olarkən ilk dəfə corabı həbsindən yarım il sonra alıb.

Əvəz Zeynallı insan hüquqlarını pozanların - təkcə sədrlik edən hakimlərin yox, həmçinin məhkəmə heyətinin digər üzvlərinin - "qara siyahı"ya daxil edilməsini təklif edib, çünki sifarişli hökmlərin çıxarılmasına görə onların hamısı məsuliyyət daşıyır.

Öz növbəsində, Penitensiar Xidmət bir qayda olaraq işgəncələrlə bağlı məlumatları təkzib edir.

“Saxlanma yerlərində məhbuslar qanunvericiliyə uyğun olaraq daxili intizam qaydalarına uyğun saxlanılır”, Penitensiar Xidmətin mətbuat xidməti bildirib.

XS
SM
MD
LG