Accessibility links

Həbsxanada aclıq edən jurnalistin etiraz olaraq qolunu doğradığı bildirilir


Həbsdə yanvarın 6-dan aclığa başlayan xeberman.com saytının rəhbəri Polad Aslanov bu gün, yanvarın 10-da özünə qəsd edib. Jurnalist 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində qol nahiyəsini lezva ilə doğrayıb.

please wait

No media source currently available

0:00 0:03:04 0:00


Bu barədə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova axşam saatlarında onunla telefonla danışdıqdan sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

“Bu gün Poladın zəng günü idi. Lakin axşam saat 9:10 dəqiqəyədək zəng etmədi. Gün ərzində Ombudsman Aparatına, cəzaçəkmə müəssisəsinə, Penitensiar Xidmətə zəng edib Poladın zəng hüququnun bərpa edilməsini xahiş etdim. Lakin bu mümkün olmadı. Polada da qadağalar qoymuşdular. Ona su, siqaret vermirdilər. O, hüquqlarının bərpa olunmasını tələb edib, bu mümkün olmadıqda bir lezva tapıb və tibb məntəqəsində bir qolunu doğrayıb. İkinci qolunu doğramağa cəhd edəndə lezvanı alıblar. Yalnız bundan sonra telefonla əlaqə saxlamağa imkan veriblər. O, telefon danışığı zamanı bunları mənə dedi,” o qeyd edib.

Gülmirə Aslanovanın sözlərinə görə, həyat yoldaşı aclıq etdiyi müddətdə 3 kiloqram çəki itirib.

“Onun çəkisi 49 kiloqramdan 46 kiloqrama düşüb. Qollarında və əllərində üyüşmə yaranıb, təzyiqi aşağı düşüb. Dedi ki, həkim təzyiqini yoxlayır. O danışarkən səsi zəif idi, tez-tez təngənəfəs olurdu,” Aslanova qeyd edib.

Onun sözlərinə görə, jurnalist aclığı ədalət bərpa olunanadək davam etdirəcəyini bildirib.

“Bir də tələb edir ki, qanunsuz həbsinə səbəb olan insanlar həbsxanada ona baş çəksin.”

Jurnalistin özünə qəsd etməsi ilə bağlı məlumatla bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

Aslanov bundan öncə cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərə son qoyulması tələbi ilə 2021-ci ilin iyun-iyul aylarında otuz günədək aclıq edib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG