Accessibility links

Həbsdə olan AXCP fəalı aclığa başlayıb


Əlzamin Salayev
Əlzamin Salayev

Avqustun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin həbsdə olan fəalı Əlzamin Salayev saxlanıldığı 17 Saylı Cəzaçəkmə Müəssisəsində quru aclıq aksiyasına başlayıb.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb.

Avqustun 2-də Əlzamin Salayevin cəzaçəkmə müəssisəsində qanunsuzluqların olması iddia edilən audio yazısı yayılıb. O bildirib ki, 17 Saylı Cəzaçəkmə Müəssisəsində qanunsuzluq hökm sürür.

“Müəssisənin rəisi hər gün insan hüqüqlarını pozur, işgəncə geniş tətbiq olunur, təzə gələn məhbuslara işgəncə verilir. Hər şeyə görə rüşvət tələb olunur.”

Salayev deyib ki, səhhətinin ağır vəziyyətdə olmasına baxmayaraq, onun tələbilə yanına həkim gətirilmir.

Salayevin sözlərinə görə, məhbuslar ağır şəraitdə yaşamaq ücün carpışırlar. O təcili tibbi yardım istəyir.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildirib ki, cəzaçəkmə müəssisələrində "nə rüşvət, nə də işgəncə halları yoxdur."

“Məhbuslar narazılıqlarını telefonla "Qaynar Xətt"ə, Penitensiar Xidmətə, hüquq mühafizə orqanlarına catdıra bilərlər. Həftədə iki dəfə onlara 15 dəqiqəlik telefonla danışmaq imkanı verilir və telefonun üzərində “Qaynar Xətt”in nömrəsi göstərilib. Zəng edib şikayətlərini versinlər,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.

Penitensiar Xidmət Əlzamin Salayevin səhhətində ciddi problemin olmadığını bildirib.

“Əgər narahatlığı varsa cəzsaçəkmə müəssisəsinin tibb məntəqəsinə müraciət etsin,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.

AXCP Salyan şöbəsinin fəalı Əlzamin Salayev 2021-ci il aprelin 20-də Salyan Rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Salayev sosial şəbəkədə video yayaraq Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra, Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polisin şikayətini təmin edib.

XS
SM
MD
LG