Accessibility links

Həbsdə olan AXCP fəalının səhhətində problem yaranıb


Aqil Məhərrəmli
Aqil Məhərrəmli

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partriyasının (AXCP) fəalı Aqil Məhərrəmlinin səhhətində problem yaranıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, cəzaçəkmə müəssisələrində effektli müalicə imkanı olmadığından Məhərrəmli cəzaçəkmə müəssisəsinin rəhbərinə Ədliyyə Nazirliynin Müalicə Müəsissəsinə göndərilməsi üçün müraciət edib.

“Amma müəssisə rəhbərliyi hələ də onun müalicəsi üçün tədbir görməyib,” məlumatda deyilir.

AXCP bildirir ki, Aqil Məhərrəmli həbs olunarkən "bandotdel"də (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsi-red) işgəncələrə məruz qalıb və ayağındakı şiddətli ağrılardan əziyyət çəkir, hətta ayağını yerə basa bilmir.

“O ailə üzvləri ilə görüşdə deyib ki, diz qapağı ətrafında sınıq, yaxud çat olmasını və ağrıların məhz bu səbəbdən olduğunu ehtimal edir. Aqil bəyin təcili və ciddi müalicəyə ehtiyacı var və buna görə də onun dərhal müalicə müəssisəsinə göndərilməsini tələb edirik. Gəncləri şərləyib həbs edənlər anlasınlar ki, onların sağlamlığı üçün bütün məsuliyyət hakimiyyətin üzərindədir,” məlumatda qeyd edilir.

Öz növbəsində Ədliyyə Nazirliyinin Baş Tibbi İdarəsindən Aqil Məhərrəmlinin səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu (o Rusiya vətəndaşıdır) 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.

Öz növbəsində hüquq mühafizə orqanları bir qayda olaraq işgəncələlrə bağlı iddiaları qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG