Accessibility links

Həbsdə olan jurnalist 12-ci gündür aclıq edir


İkram Rəhimov
İkram Rəhimov

Həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimov on ikinci gündür aclığı davam etdirir.

"Onun taleyi bizi çox narahat edir. Avqustun 15-dən sonra evə zəng etməyib. Çox yəqin ki, səhhəti çox ağırdır, telefonla zəng etmək və danışmaq iqtidarında deyil."

Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Rəhimovun avqustun 15-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən ailəsinə zəng vurub və sonrakı günlərdə onun taleyi ilə bağlı ailəsi məlumatsızdır.

Rəhimov avqustun 15-də bildirib ki, təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır.

“Buna baxmayaraq aclığı ölənədək davam etdirəcəyini dedi,” ailə üzvü jurnalistə istinadən Amerikanın Səsinə bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etdiyini təsdiq edib.

“O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

XS
SM
MD
LG