Accessibility links

Həbsdə olan jurnalist 18-ci gündür aclıq edir


Əfqan Sadıqov

Həbsdə olan jurnalist Əfqan Sadıqov 18 gündür ki, məhkəmənin hökmünə etiraz olaraq aclıq edir.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, jurnalistin səhhəti pisdir.

“O, Kürdəxanıda (1 saylı Bakı İstintaq Təcridxanası) tibb məntəqəsindədir. Təziqi 80/50-dir. Vəziyyəti pisdir. Sadıqov aclıq aksiyasının 20-ci günündə, yəni 23 noyabrda aksiyanı quru aclığa çevirəcəyini, yəni sudan da imtina edəcəyini bildirib,” o qeyd edib.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG