Mərhum Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov həbsxanada ölüm aclığına başlayacağını bildirib.
Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov onunla telefon danışığından sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
"Bu gün Salehlə telefon danışığımız oldu. Üstüörtülü müəyyən məsələləri çatdıra bildi. Əfv sərəncamından əvvəl bir neçə dəfə onunla profilaktik söhbətlər aparıblar. Əfv ərizəsi yazmaq təklif olunub. Hər dəfə də təklifləri rədd edib. Bundan sonra ona qarşı təzyiqlər başlayıb. Onu indi ailə üzvləri barədə ifşaedici material yayacaqları ilə hədələyirlər. Eyni zamanda Saleh bildirdi ki, artıq 13 saylı Cəzaçəkmə Müəssisəsində hansısa prosesə start verilib. Onu müəyyən adamlar vasitəsi ilə təhqir edirlər. Həbsdə olan müxtəlif şəxslər vasitəsi ilə çatdırırlar ki, barəsində ifşaedici materiallar yayılacaq. Bu hansısa şantaj materialları da ola bilər," Taleh Rüstəmov bildirib.
“Saleh dedi ki, ona qarşı kampaniya dayandırlmasa ölüm aclığına başlayacaq. Qardaşım aclığa başlayacağı təqdirdə mən özümü yandıra bilərəm,” Taleh Rüstəmov qeyd edib.
O, Saleh Rüstəmova qarşı kampaniyaya göstərişin ölkə rəhbəri tərəfindən verildiyini bildirib.
Bayram tətili olduğundan Penitensiar Xidmətdən məlumatla bağlı şərh almaq cəhdimiz baş tutmayıb. Amma, Penitensiar Xidmət bundan öncə eyni məzmunlu suallarımıza bir qayda olaraq cəzaçəkmə müəssisələrində bütün məhbuslarla qanunvericiliyin tələbləri daxilində daxili intizam qaydalarına uyğun davranıldığını bildirib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.
Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.