Accessibility links

Həbsdə olan Navalnı mükafat pulunu 4 siyasi məhbusun ailəsinə verib


Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı fevral ayında aldığı Boris Nemtsov mükafatından əldə etdiyi 10 000 avronu (11 850 dollar) dörd siyasi məhbusun ailəsi arasında payladığını deyir.

Navalnı sentyabrın 3-də Instagram hesabında Nemtsovun qızı Jannadan "vəziyyəti mənimkindən daha pis olan" hər ailəyə 2500 avro verməsini istədiyini yazıb.

Pul mükafatını alanlardan biri Navalnının Korrupsiyaya Qarşı Mübarizə Vəqfinin üzvü, yanvar ayında məhkəmənin Twitterdəki iki paylaşımına görə onu ekstremizm ittihamı ilə mühakimə etməsindən sonra 2 il həbs cəzası çəkən Pavel Zelenskinin ailəsi olacaq.

Şimal-qərbdəki Arxangelsk şəhərində Navalnının komandasının lideri Andrey Borovikovun ailəsi də pulun bir hissəsini alacaq. Borovikov 2014-cü ildə Amnesty International-ın "tamamilə absurd" adlandırdığı məhkəmə prosesində Alman rok qrupu Rammştaynın bir videosunu paylaşdığı halda "pornoqrafiya yayımladığı" üçün 2 il yarım həbs cəzasına məhkum edilmişdi.

Digər iki fəalın - Yan Sidorov və Vladislav Mordasovun ailələri də Navalnıdan pul alacaq. Onların hər ikisi "kütləvi iğtişaşlar təşkil etməkdə" günahlandırılaraq 2019-cu ildə cəzaçəkmə müəssisəsində 6 ildən çox həbsə məhkum edilib - sonradan onların cəzaları dörd ilə endirilib.

Navalnı fevral ayında "Rusiyada demokratik dəyərlərin müdafiəsində göstərdiyi cəsarətə görə" Boris Nemtsov mükafatına layiq görülüb.

İllik mükafat Boris Nemtsov Vəqfi tərəfindən təsis edilib. Rusiya prezidenti Vladimir Putinin tənqidçisi olan müxalif siyasətçi Nemtsov 2015-ci ilin əvvəlində Kreml yaxınlığında güllələnib.

XS
SM
MD
LG