Accessibility links

Həbsdə olarkən təkrar həbsə məhkum edilən dindar azadlığa buraxılıb


“Siyasi məhbus, cəza müddətinin bitməsinə az qalmış saxta ittihamla üzləşən Telman Şirəliyev məhkəmə qərarı ilə azadlığa buraxılıb. Bununla da 2012-ci ildən həbsdə olan sonuncu "hicab məhbus"u (Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası zamanı tutulan şəxslər) da azadlığa çıxır.” Bu barədə hüquq müdafiəçiləri Rəsul Cəfərov və Oqtay Gulalıyev Facebook səhifələrində məlumat yayıb.

Dindarların Təhsil Nazirliyinin qarşısında aksiyası -05.10.2012-ci il
Dindarların Təhsil Nazirliyinin qarşısında aksiyası -05.10.2012-ci il

Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum olunub. Həbsdən çıxmasına bir həftə qalmış ona qarşı yeni cinayət işi açılıb. Guya onun həbsxanadakı yatağında yastığının altından biz tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) ilə ittiham irəli sürülüb.

Dekabrın 20-də Bakının Xəzər Rayon Məhkəməsi Telman Şirəliyevi 5 ay 18 gün azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Telman Şirəliyevə qarşı yeni işi onun əfv ərizəsi yazmaqdan imtina etməsilə bağlıdır.

Bundan öncə Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan iki şəxs həbs müddətinin başa çatmasına bir neçə gün qalmış yeni ittihamla yenidən həbsə məhkum edilib. Bunlar keçmiş səhiyyə naziri Əli İnsanov, müxalifətdə olan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimdir.

Məmməd İbrahim bu il fevralın 13-də məhkəmə zalından azadlığa buraxılıb.

Əli İnsanov
Əli İnsanov

Hazırda həbsdə olarkən yenidən həbsə məhkum edilən siyasi məhbus kimi tanınan şəxslərdən yalnız keçmiş səhiyyə naziri Əli İnsanov həbsdədir

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il 5 gün azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 2018-ci il yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Keçmiş nazir bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.

O, ittihamları qəbul etmir. Hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə sifariş ilə saxta ittihamla cəzalandırıldığını deyib.

XS
SM
MD
LG