Həbsdəki bloqqer Mehman Hüseynovun hazırda xəstə yatan anası ilə görüşmək üçün edilən müraciətə rəsmi qurumlar hələlik cavab verməyib.
Bu haqda bloqqerin atası Rafik Hüseynov bildirib. Onun sözlərinə görə, oğlunun vəkilləri 3 gün əvvəl xəstəxanadakı anasına baş çəkməsi üçün həbsxana rəhbərliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət ediblər. Lazım olan tibbi sənədləri də toplayıb göndəriblər.
Rafik Hüseynov həyat yoldaşı Firəngiz Hüseynovanın hazırda Neftçilər Xəstəxanasında reanimasiyada olduğunu deyir.
“Ötən həftə onun ürəyində problemlər yaranıb, kliniki ölüm keçirib, hazırda komadadır. Əməliyyat olunması lazımdır, ancaq bunun üçün durumunda ciddi yaxşılaşma əldə edilməlidir”, Rafik Hüseynov bildirir.
Bunu da əlavə edir ki, əvvəlki günlərlə müqayisədə Firəngiz Hüseynovanın durumunda cüzi irəliləyiş var.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Mehman Sadıqov bloqqer Mehman Hüseynovun müvəqqəti buraxılması üçün edilən müraciətlə bağlı konkret fikir bildirməyib. O deyib ki, bütün müraciətlərə qanunvericilikdə nəzərdə tutulan qaydada baxılır və cavablandırılır.
"Mehman Hüseynovla bağlı müraciətə də baxılacaq və qanunvericiliyin tələblərinə uyğun cavablandırılacaq", M.Sadıqov deyir.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.
Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən mülkləri barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Beynəlxalq qurumlar bloqqerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, azadlığa buraxılmasını istəyirlər.
AzadlıqRadiosu