Accessibility links

Həbsxanada 227 gündür aclıq edən jurnalistin ailəsi ölkəni tərk etmək istəyir


Əfqan Sadıqov
Əfqan Sadıqov

“Mən ölkəmi tərk etmək istəyirəm. Burada yaşamaq çətindir. Ailəmin yaşaması, ərzaq təminatı, uşaqlarımın təhsili, müalicəsi, geyim təminatı üçün heç bir imkanım yoxdur. Əslində ölkəmi tərk etmək ağlıma da gəlməzdi. Amma, ailəmi buna məcbur edirlər. Bu səbəbdən ailəmə sığınacaq verilməsi üçün xarici ölkələrin səfirliklərinə müraciət edəcəm. Ölkəmdə Əfqana qarşı, müstəqil jurnalistə qarşı münasibət hərbi əsirə qarşı münasibətdən ağırdır. Əfqan ölür, ona reaksiya verən yoxdur. Bütün orqanları sıradan çıxıb. Böyrəyində problem yaranıb. İmmuniteti zəifdir. Ayağa qalxa bilmir. Təzyiqi çox aşağıdır. Qanından şəkər çıxıb. Ağ ciyərinin 80 faizində ləkə yaranıb. Sağlamlıq durumu ilə bağlı arayış da vermirlər.”

Bu barədə həbsxanada 227 gündür aclıq edən Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Sadıqova artıq etiraz etmək üçün fiziki gücünün qalmadığını, özünün də xəstə olduğunu deyib.

“Etiraz etməyə səhhətim yol vermir. Bir az güc toplayıb yenə etirazımı davam etdirəcəm,“ o qeyd edib.

Sadıqova deyib ki, həyat yoldaşı süni yolla qidalandırılır, bədəninə güclü sistem köçürülməklə yaşadırlar.

“Əfqan aclığı dayandırmır, deyir ki, sona qədər, yəni ədalət bərpa olunanadək aclığı davam etdirəcək.”

Həyat yoldaşı bildirir ki, jurnalist aclıq etdiyi dövrdə 50 kiloqram çəki itirib.

Əfqan Sadıqov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə iyulun 2-də baxış başlayacaq.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bir neçə gün öncə Amerikanın Səsinə deyib ki, Əfqan Sadıqovun vəziyyəti stabildir.

“Əfqan Sadıqovla bağlı ciddi narahatlıq yoxdur. Həkim nəzarətindədir. Aclıq etdiyinə görə mütəmadi olaraq koronavirusla bağlı da yaxmalar götürülür, nəticələri neqativdir. Analizlərinin laborator nəticələrində də elə bir ciddi dəyişiklik yoxdur,” Qurbanov Amerikanın Səsinə deyib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 213 gündür aclığı davam etdirir.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O, həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG