İslamın ən müqəddəs dini ayinlərini yerinə yetirmək üçün çərşənbə günü zəvvarlar Məkkəyə toplaşmağa başlayıb. Koronavirus pandemiyasına görə bu il Həcc ziyarətinə çox az sayda insan qatılıb.
Adətən Həcc ziyarəti zamanı İslamın bu müqəddəs yerinə iki milyondan çox insan toplaşardı. Lakin Səudiyyə Ərəbistanı xaricdən gələn insanların Həcc ziyarətinə qadağa qoyaraq, zəvvarların sayını məhdudlaşdırıb. Ziyarətə yalnız Səudiyyə vətəndaşları və bir neçə həftə əvvəl seçilmiş ölkədəki xarici vətəndaşlardan ibarət 1000 nəfərə icazə verilib.
Həccə gələn 20-50 yaşlar arasındakı zəvvarlar Məkkəyə getməzdən əvvəl COVID-19 testindən keçir və ziyarətə başlamazdan əvvəl onlardan mehmanxana otaqlarında karantində qalmaq tələb olunur. Onlardan həmçinin 5 günlük Həcc ziyarəti başa çatdıqdan sonra bir həftə ərzində karantində qalmaları tələb olunacaq.
Zəvvarlardan ibarət kiçik bir qrup Həccin ilk ritualı - Böyük Məscidin mərkəzində yerləşdirilmiş Kəbənin ətrafında dolaşan zəvvarlar arasındakı ictimai məsafənin qorunmasına nəzarət edəcək.
Səudiyyə Ərəbistanında bu günə qədər COVID-19-a 270 mindən çox yoluxma, təxminən 2800 ölüm halı qeydə alınıb.
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə xaricdən gələn zəvvarları koronavirus hallarının həddindən artıq olması ilə əlaqədar Həcc ziyarətinə qəbul etməyib. Bu, əsasən Asiya və Afrikadan 160-dan çox ölkədən 2 milyona yaxın zəvvarın dini ayinlərin icrası üçün Məkkədə toplaşdığı əvvəlki illərlə müqayisədə çox məhdud saydır.