Accessibility links

Həkim: Tofiq Yaqublu hər an komaya düşə bilər - aclığın 16-cı günü


Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on altıncı gündür aclığı davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da tibbi korreksiyalar edilir. Amma, qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər
Adil Qeybulla, tibb elmləri doktoru

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bu gün, sentyabrın 17-də ona baş çəkəndən sonra Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.

“Bu gün 16-cı sutkadır aclığı davam etdirir. Vəziyyəti 16 sutka aclıq edən şəxsin vəziyyətinə adekvatdır. Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalşırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək,” həkim qeyd edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi dünən axşam saatlarında atasına qan köçürlüdüyünü bildirib.

Tofiq Yaqublunu müdafiə aksiyaları genişlənməkdədir. Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Hazırda Müsavat Partiyasının qəraragahında hüquq müdafiəçisi Zəfər Əhmədov və AXCP fəalı Elnur Həsənov aclığı davam etdirir.

Elnur Həsənov artıq 16 gündür aclıq edir.

“Elnur Həsənovun qan təzyiqi düşüb, artıq yeriyə bilmir, hərəkətinin koordinasiyasını itrib. O, halsız vəziyyətdə uzanıb,” Zəfər Əhmədov Amerikanın Səsinə deyib

Son günlər Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, Kanadanın Toronto, Fransanın Strasburq şəhərində Tofiq Yaqubluya dəstək məqsədi ilə aksiyalar keçirilib.

XS
SM
MD
LG