Accessibility links

ABŞ Həmas liderlərini qəbul etdiyi üçün Tükiyəni tənqid edir


Arxiv fotosu - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Həmas rəhbəri İsmayıl Haniyə ilə görüşüb, 1 fevral, 2020.

Tramp administrasiyası ABŞ-ın terrorçu qrup kimi tanıdığı Həmasın iki liderini qəbul etdiyinə görə Türkiyəyə kəskin etirazını bildirib.

"Prezident Ərdoğanın bu terror təşkilatı ilə davamlı kontankları Türkiyənin beynəlxalq birlikdən təcrid olunmasına xidmət edir, Fələstin xalqının maraqlarına zərər verir və Qəzzadan həyata keçirilən terror hücumlarının qarşısının alınmasında qlobal səylərə mane olur" - deyə, Dövlət Departamentinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilir ki, İstanbulda olan Həmas üzvlərindən birinin çoxsaylı terror hücumları, təyyarə qaçırılması və adam oğurluğu kimi hadisələrində əli olduğu ehtimal edilir.

"Türkiyə hökumətinin Həmasla yüksək səviyyədə münasibətləri ilə bağlı narahatlıqlarımızı bildirməyə davam edirik", bəyanatda deyilir.

Türkiyə ABŞ-ın tənqidlərini rədd edib.

"Qəzzadakı demokratik seçkilərdə qalib gələn və regionda əhəmiyyəti olan Həmasın legitim nümayəndəsini terrorçu elan etmək bölgədə sülh və sabitlik səylərinə heç bir töhfə verə bilməz" - deyə, Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

ABŞ fevral ayından bəri Türkiyənin Həmas liderlərini ikinci dəfə qəbul etdiyini bildirir.

Həmas fələstinlilərə Qəzzada rəhbərlik edir və İsraillə üç müharibə aparıb. Fələstin silahlıları vaxtaşrı Qəzzadan İsrailə raket atması İsrailin tərəfindən sərt reaksiyaya səbəb olur.

XS
SM
MD
LG