Accessibility links

AŞPA həmməruzəçiləri: Yaqublunun işinə Avropa Şurasının ədalətli məhkəmə standartlarına uyğun baxılacağına ümid yaranıb


AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri müxalif siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır.

“Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır.”

Bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottirin bəyanatında deyilir.

Həmməruzəçilər Azərbaycan məhkəməsinin Tofiq Yaqublunun işinə Avropa Şurasının ədalətli məhkəmə standartlarına uyğun baxacağına ümid etdiyini qeyd edib.

“Bu bizə ümid verir ki, Azərbaycan hakimiyyəti cənab Yaqublunun cəzası ilə bağlı narahatlığımızı həll edəcək və ədalətli mühakimə olunması üçün Avropa Şurasının standartlarına uyğun olaraq işinə baxacaq. Cənab Yaqublunun aclıq aksiyasını dayandırması qərarı da gərginliyimizi azaltdı,” bəyanatda vurğulanır.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Tofiq Yaqublu 17 gün aclıq etdikdən sonra, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb, məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam etdiriləcək.

XS
SM
MD
LG