Accessibility links

ATƏT Minsk Qrupu həmsədrləri bəyanat yayıb 


Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

İyulun 1-də ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 29-30 iyun tarixlərində keçirdiyi videokonfrans barədə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə regionda ictimai səhiyyənin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamika, sülh prosesində növbəti addımlarla bağlı müzakirələr aparıb.

Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər mövcud nisbi sabitliyi müsbət dəyərləndirib, tərəflərin eskalasiyadan yayınmaqdan ötrü birbaşa kommunikasiya əlaqələrini saxlamasından məmnunluq ifadə ediblər. Onlar 2019-cu il 9 mart tarixindəki bəyanatlarına istinad edərək bildiriblər ki, son təxribatçı, qızışdırıcı ritorika və mümkün addımlar mövcud vəziyyəti dəyişə, sülhyaratma prosesinə zərbə vura bilər.

Həmsədrlər münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar. Onlar tərəfləri atəşkəsi möhkəmləndirmək üçün əlavə addımlar atmağa, əhalini sülhə hazırlamağa çağırıblar. Müzakirələrdə ATƏT-in şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin bərpasının vacibliyi də vurğulanıb.

Xarici işlər nazirləri və həmsədrlər iyulda birlikdə daha bir videokonfrans və mümkün qədər tez bir görüş keçirmək üzərində razılığa gəliblər.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG