Accessibility links

Hərbi münaqişə beynəlxalq reaksiyalarla qarşılanır


“Baş Katib Dağlıq Qarabağ münaqişə zonasında təmas xəttində toqquşmaların yenidən baş qaldırmasından son dərəcə narahatdır. O, qüvvədən istifadəni pisləyir, insan itkisindən və mülki əhaliyə dəyən ziyandan təəssüflənir.”

Bu açıqlama ilə BMT Baş Katibi Antonio Quterreşin sözçüsü çıxış edib. Onun sözlərinə görə, Quterreş münaqişə ilə bağlı Azərbaycan və Ermənistan liderləri ilə danışmağı planlaşdırır.

BMT rəhbərinin reaksiyasından bir qədər öncə ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək tərəfləri atəşkəsə çağırıb.

“Birləşmiş Ştatlar zorakılıqların eskalasiyasını ən kəskin şəkildə qınayır. Dövlət katibinin müavini [Stefen] Biqun Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakyana zəng edərək, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, eskalasiyanın daha da artırılmasına yol verməmək üçün mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə və yerlərdə gərginliyi artıran yararsız ritorika və hərəkətlərə yol verməməyə çağırıb,” rəsmi Vaşinqtonun bəyanatında bildirilir.

ABŞ həmçinin “xarici qüvvələrin eskalasiyada iştirakının problemin həllinə kömək etmədiyinə inamını” ifadə edib.

“Biz tərəfləri ən qısa müddətdə substantiv danışıqlara qayıtmaq üçün Minsk Qrupunun həmsədrləri ilə işləməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır,” ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin zorakılıqlara son qoymağa çalışacağını bildirib.

"Biz buna çox güclü şəkildə baxırıq," Tramp bazar günü mətbuat konfransında bildirib. "Bizim həmin zonada çoxlu yaxşı münasibətlərimiz var. Baxaq görək bunu dayandıra bilərikmi," o, əlavə edib.

ABŞ-ın ATƏT-dəki Səfiri Ceyms S. Gilmor Ermənistan və Azərbaycanı 27 sentyabrda toqquşmalar başlamazdan öncəki mövqelərinə qayıtmağa səsləyib. O, tərəflərdən dərhal danışıqlar masasına qayıtmağı xahiş edib, həyat itkilərini qınadığını bəyan edib.

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden yazılı bəyanatda Dağlıq Qarabağda hərbi münaqişənin alovlanmasından narahatlığını ifadə edib, ABŞ-ı təmas xəttində daha çox müşahidəçi yerləşdirməyə çağırıb. Eyni zamanda sabiq Vitse-Prezident Rusiyanı hər iki tərəfə silah satmaq praktikasına son qoymağa çağırıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırır.

“Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla, insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər,” sənəddə qeyd edilir.

Azərbaycanın üzv olduğu Avropa Şurasının Prezidenti Charles Michel hərbi əməliyyatların dərhal dayandırlmasına və “qeyd-şərtsiz” danışıqların bərpa edilməsinə çağırıb.

Azərbaycanla müttəfiq Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tam dəstəyini ifadə edərək Ermənistanı “reionda sülhə və əmin-amanlığa ən böyük təhlükə” adlandırıb

“Türk Milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə Azərbaycanlı qardaşlarının yanındadır,” o, Twitterdə yazıb.

Buna cavab olaraq Ermənistan Baş Naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti “bütün nüfuzundan istifadə edərək Türkiyənin hər hansı müdaxiləsini” dayandırmağa çağırıb.

Vatikanda çıxış edən Roma Papası Fransis Azərbaycan və Ermənistan arasındakı münaqişədən narahatlığını ifadə edib və tərəfləri sülhə çağırıb.

“Mən Qafqazda sülh üçün dua edirəm və münaqişə tərəflərindən xahiş edirəm ki, problemlərin qüvvə və silahlarla deyil, dialoq və danışıqlar yolu ilə həll edilməsi üçün konkret xoş məram və qardaşlıq nümayiş etdirsinlər.”

Sentyabrın 27-də Dağlıq Qarabağ ətrafındakı təmas xətti boyunca Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında toqquşmalar intensiv xarakter alıb. Hər iki tərəf bir-birini hücuma başlamaqda və mülki əhalini hədəf almaqda ittiham edib. Azərbaycan rəsmiləri hərbi əməliyyatlar nəticəsində bir neçə kənd və yüksəkliklərə nəzarətin ələ keçirildiyini xəbər verir. Hər iki tərəfdə çoxsaylı itkilərin olduğu bildirilir.

XS
SM
MD
LG