Accessibility links

Həyat yoldaşı Əfqan Sadıqovla görüşüb


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşüb.

Bu barədə Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə həyat yoldaşı ilə dekabrın 15-də görüşüb və vəziyyəti ağırdır.

“Artıq 43 gündür ki, aclıq edən Əfqanın vəziyyəti ağırdır”

Sevinc Sadıqova bildirib ki, artıq həyat yoldaşının əl və ayaq oynaq hissələrində qıcolmalar baş verir:

"Sərbəst hərəkət edə bilmir. Bütün bunlara baxmayaraq, aclığı dayandırmaq barədə təklifləri yaxına buraxmır. Onun vəziyyəti ilə bağlı müxtəlif instansiyalara etdiyimiz müraciətlərə cavab verilmir."

Həyat yoldaşı jurnalistin aclığı dayandırmasını xahiş etsə də, o bundan imtina edib.

Bu deyilənlərə hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Lakin bir müddət öncə bu qurumun mətbuat xidmətindən Əfqan Sadıqovun aclıq aksiyası keçirdiyi ilə bağlı məlumatı təsdiqləməmişdilər.

Amma dekabrın 3-də Ombudsman Aparatının yaydığı məlumatda Sadıqovun aclıq aksiyası keçirdiyi bildirilib.

"Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. MPQ-nin (Milli Preventiv Qrupunun) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib," Ombudsman Aparatının məlumatında vurğulanır.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Sumqayıt Apellyasiya Məhkəməsinin şikayətə nə vaxt baxacağı hələ məlum deyil.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG