Accessibility links

Həyat yoldaşının Polad Aslanovla görüşünə icazə verməyiblər


Bakıda Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanovun həyat yoldaşının onunla görüşünə icazə verməyiblər.

Bu barədə redaktorun həyat yoldaşı Gülmirə Aslanova bildirib.

Aslanova öz Facebook səhifəsində yazır: “Təcridxanada dedilər ki, biz haradan bilək ki, siz Poladın həyat yoldaşısınız, bəlkə ayrılmısınız?"

Aslanova qeyd edir ki, həyat yoldaşı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) saxlanılarkən həftədə bir dəfə bir saat onunla görüşə bilirdi və ondan nikah haqqında şəhadətnamə tələb olunmurdu.

“İkincisi, əgər bilmirsinizsə həyat yoldaşıyam, o zaman sovqatı necə qəbul etdiniz. Bu zaman rəislə danışmalı olduqlarını bildirdilər. Bir neçə dəqiqə sonra mənə bildirdilər ki, rəis deyir ki, Polad özü zəng edib görüşün vaxtını deyəcək,” Aslanova qeyd edir.

Gülmirə Aslanova deyir ki, Polad Aslanov zəng edib və görüşdən imtinanı qanunsuz adlandırıb.

“Bu gün Polad Aslanov zəng etmişdi. Bildirdi ki, "burada elə bir qayda yoxdur ki, görüş üçün əvvəlcədən müraciət edəsən. Bu cür süni problemi ancaq bizim üçün yaradırlar deyəsən. Mən isə görüş üçün xahiş etməyəcəm. Görüş mənim qanunu haqqımdır və mən haqqımı tələb edirəm," o qeyd edib.

Gülmira Aslanova 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova zəng edib və əri ilə qanuni görüş hüququnu təmin etməyi istəyir.

“1saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova bildirirəm ki, evimizdə qazanc gətirən ancaq Polad Aslanov idi. Mən heç yerdə işləmirəm. Mənim və ailə üzvlərimin avtomobili yoxdur. Hər dəfə sovqatı aparmaq üçün 11 manat təkcə yol xərcim çıxır. Görüş və sovqatın eyni gündə olması az da olsa mənim maddi xərclərimə müstəb təsir edir. Bunun üçün məhz şənbə günü hazır gəlmişkən görüş də istədim. Mən yoldaşımın və ailəmizin qanunu hüququnu sizdən tələb edirəm. Hər bir məhbus ailəsi ilə həftədə 1 dəfə görüşə və 2 dəfə telefon əlaqəsi yarada bilər. Bu günə qədər heç kəsin hüquqlarını pozmamışam və buna məcbur etməmişəm. Sizdən tələbim odur ki, Polad Aslanovun hüquqlarını pozmayın və yaxın zamanda görüş hüququnu təmin edin.”

Məsələ ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və 4 ay müddətinə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün digər jurnalistləri cəlb etməkdə ittiham olunur.

Ötən ilin dekabrında ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.

Lakin fevralın 10-da bu maddə üzrə zərərçəkmiş şəxs kimi tanınan Dəyanət Babayev şikayətdən imtina edib.

XS
SM
MD
LG