Accessibility links

Haaqa məhkəməsi Fələstin ərazilərindəki hərbi cinayətlərə dair istintaqın başlandığını elan edib


Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru çərşənbə günü Fələstin ərazilərindəki hərbi cinayətlərə dair istintaqın başlandığını elan edib.

Fatu Bensoda istintaqın “prinsipial və bitərəf” yanaşma şəraitində aparılacağını və 2014-cü ilin iyun ayından bəri törədilən cinayətləri araşdıracağını deyib.

“Narahatlıqların mərkəzində zorakılıqlar və sabitsizlik dalğasında həm fələstinlilər, həm də israillilər olmaqla, cinayətlərin qurbanları yer alır” - deyə, Bensoda bildirib.

İyun ayında Britaniya prokuroru Kərim Xanla əvəz ediləcək Bensuda 2019-cu ildə deyib ki, İordan çayının qərb sahilində və Qəzza zolağındakı müharibə cinayətləri həm silahlı Həmas qrupu, həm də İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilib.

Çərşənbə günü verilən açıqlama İsrail və ABŞ tərəfindən tənqidlərə səbəb olsa da, fələstinlilər və insan haqları qrupları bu addımı yüksək qiymətləndirib.

"İsrail dövləti bu axşam hücuma məruz qalıb. Haaqadakı qərəzli beynəlxalq məhkəmə antisemitizm və riyakarlıq mahiyyətli bir qərar verib" - deyə, İsrailin Baş Naziri Binyamin Netanyahu video ilə nümayiş etdirilən açıqlamasında bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın “İsraili haqsız yerə hədəf alan addımlara” qarşı olduğunu deyib.

Fələstin rəhbərliyi ölkələri “bu müstəqil məhkəmə prosesini siyasiləşdirməkdən çəkinməyə” çağırıb.

XS
SM
MD
LG