Accessibility links

"Şagirdlərdə gələcəyə ümid yaratmaq müəllimin ən böyük uğurudur" [Audio-Müsahibə]


Həbib Əlizadə
Həbib Əlizadə

Azərbaycanın regionlarında yerləşən kənd məktəblərində dərs deyən müəllimlərin sosial şəbəkəsinə çevrilmiş “Gənc müəllim” layihəsinin rəhbəri Həbib Əlizadə Amerikanın Səsinə müsahibə verib.

Şagirdlərin gələcəyə ümidi ola bilmək müəllimin ən böyük uğurudur
please wait

No media source currently available

0:00 0:14:59 0:00

Bir neçə ay bundan öncə ilk dəfə Həbib müəllimlə danışarkən o öz velosipedi ilə kəndlərdə yaşayan uşaqlara kitab paylayırdı. Həbib müəllimin sözlərinə görə, belə bir layihə yaratmaq ideyası da ona məhz həmin hadisəyə insanların hədsiz dərəcədə müsbət reaksiya verməsi səbəb olub.

“Fikirləşdik ki, mənim kimi Azərbaycanın digər regionlarında dərs deyən xeyli sayda müəllimlər var. Belə bir şəbəkə yaratmaqla həmin müəllimlərin fəaliyyətini, dərs demək metodlarına gətirdikləri yenilikləri insanlarla paylaşıb, qarşılaşdıqları problemləri ictimaiyyətlə bölüşə bilməsinə şərait yaratmaq mümkündür.”

Lənkəranın Gəgirən kəndində tarix müəllimi olaraq fəaliyyət göstərən Həbib bəy bildirib ki, hazırda layihə daha çox sosial şəbəkələr üzərindən, problemlərin işıqlandırılması, müxtəlif işlər üçün müəllimlərin istiqamətləndirilməsi mərhələsində olsa da məqsədləri gələcəkdə şəbəkələşərək narahatlıqların birbaşa həlli üçün konkret işlər görə bilməkdir.

“Bu yaxınlarda təşkil edilən baba.az layihəsi var hansı ki, Şaxta baba ucqar dağ kəndlərinə gedərək, orada yaşayan uşaqlara yeni il hədiyyələri təqdim edir. Biz layihədə könüllü olub, əməkdaşlıq etmək üçün bu kəndlərdə dərs deyən müəllimlərlə layihə rəhbərlərini əlaqələndirmişdik. Əgər gələcəkdə təşkilat yaradaraq problemlərin həlli üçün dövlət qurumları ilə birbaşa əməkdaşlıq qura bilsək bu daha çox effektiv olar.”

Həbib Əlizadə qeyd edib ki, əgər kimsə gələcəkdə müəllim olub, ucqar ərazilərdə dərs deməyi planlaşdırırsa onlar müxtəlif çətinliklərlə qarşılaşmağı nəzərə almalıdır. Tarix müəllimi daha sonra əlavə edir ki, bu insanlar uzunmüddətli plan qurub, ali məqsədlərini müəyyən etsələr həmin çətinliklərin öhdəsindən rahatlıqla gələ bilərlər.

Hər zaman gələcəyə ümidli yanaşmaq lazımdır.

“Xəyal dünyasında yaşamağa ehtiyac yoxdur. Məlumdur ki, müəllimlərin maaşları azdır və kənd yerlərinə dərs demək üçün gedən insanlar müxtəlif məişət problemləri ilə qarşılaşa bilərlər. Ancaq istər kənddə, istərsə də şəhərdə yaşamasından asılı olmayaraq bir müəllim kimi ali dəyərlərə sadiq olub, məqsədli şəkildə fəaliyyət göstərəcəksənsə böyük uğur qazana bilərsən. Bütün insanlar kimi müəllimlər də gərək özü-özünün motivasiya etməyi bacarsın. Bunun üçün də ən önümli şey məhz həmin ali məqsəddir.”

Layihə səbəbindən Azərbaycanın müxtəlif regionlarındakı yüzlərlə müəllimlə ünsiyyətdə olan Həbib müəllim sağirdlərin uğurlu gələcəyinə ümidli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün həmin fədakar müəllimlərin etdiyi işlər bəlkə də o qədər böyük fəaliyyət olmaya bilər amma ən az bir uşağın təhsil almasına kömək etməklə gələcəkdə dünyanın daha yaxşı bir yer olması üçün işlər görə biləcək bir fərdin formalaşmasına səbəb olmaq olar.

Biz gənc müəllimlər olaraq Azərbaycanın gələcəyi üçün böyük dəyişikliyin əsasını qoya bilərik.

“100 il əvvəl Çar Rusiyasından ayrılıb, sosial problemlərin içində boğulan Finlandiya hazırda təhsil sisteminə görə dünyanın ən yaxşılarındadır. 50-60 il əvvəl finland müəllimlərin ümid etdiyi ölkəni, təhsil sistemini bu gün onların şağirdləri, tələbələri qura bilib.

Biz də insanları daima şikayət etmək yox, ümid edib, kiçik də olsa işlər görməyə həvəsləndirməliyik. Biz gənc müəllimlər olaraq Azərbaycanın gələcəyi üçün böyük dəyişikliyin əsasını qoya bilərik.

Müsahibənin sonunda insanların gənc müəllimlərə və layihəyə olan marağına görə hər kəsə təşəkkürünü bildirən tarix müəllimi Həbib Əlizadə əlavə edib ki, onlar da gənc müəllimlər olaraq öz növbələrində daha çox işlər görməklə onlara olan inamı doğrultmağa çalışacaqlar.

“Bəlkə biz uşaqlara yeni və daha gözəl dünya buraxa bilmərik amma dünya üçün daha gözəl, təhsilli uşaqlar, fərdlər yetişdirə bilərik. Çünki, bir gün vaxt gələcək həmin uşaqlar bəşəriyyətin, ölkənin inkişafı üçün hər kəsdən daha çox işlər görəcəklər. Ona görə biz düşünürük ki, hər zaman bu ümidlə yanaşıb, iş görsək bunun mütləq faydası olacaq. Ola bilsin bu faydanı biz görməyə bilərik amma gələcək nəsillərin mütləq buna şahid olacağına əminəm."

XS
SM
MD
LG