Accessibility links

Həbib Sasaniyana dəstək kampaniyasına qonşular da dəstək verib


Təbriz zindanında sağlıq durumunun yaxşı olmadığı bildirilən siyasi məhbus Həbib Sasaniyana dəstək üçün türk fəalların təşkil etdiyi ‘twitter fırtınası’ kampaniyası geniş əks-səda doğurub. Kampaniyaya qonşu ölkələr və cəmiyyətlərdən də geniş dəstək gəlib.

16 iyunun gecə saatlarında həyata keçirilən onlayn kampaniyada İran Azərbaycanından əlavə, Türkiyə və Azərbaycan Respublikası istifadəçiləri, eləcə də digər qeyri-fars cəmiyyətlərə mənsub istifadəçilər #SaveSasanian hashtag-i ilə keçən ilin may ayından bəri həbsdə saxlanılan türk fəala dəstək bildiriblər.

Həyat yoldaşımın məsələsi türk dilidir, Azərbaycandır. O, casusluq etməyib.
Həbib Sasaniyanın həyat yoldaşı Fərəhnaz Fəkur

Keçən bir neçə ay ərzində dəfələrlə Həbib Sasaniyanın sağlıq vəziyyətinin ağırlaşdığı və xəstəxanaya köçürüldüyünə dair xəbərlər yayılıb. Günaz TV onun keçən günlərdə aclıq aksiyası başlatdığını bildirib.

Həbib Sasaniyan və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd casusluq ittihami ilə üzləşiblər.

2016-cı ilin iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı.

Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Sasaniyanın xanımı Fərəhnaz Fəkur keçən fevral ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının vəziyyətini şərh etmişdi. “Həyat yoldaşımın məsələsi türk dilidir, Azərbaycandır. O, casusluq etməyib,” deyə xanım Fəkur müsahibədə vurğuladı.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlarla üzləşirlər.

XS
SM
MD
LG