Rəsmi Bakı Qafqaz müharibəsinin qəhrəmanı naib Hacı Muradın cəsədinin qalıqlarının Azərbaycandan oğurlanması barədə Rusiya mətbuatında yayılan məlumatları nə təsdiq, nə də təkzib edir.
Rusiyanın Dağıstan Respublikasının mətbuatının məlumatına görə, Azərbaycanın Qax rayonunun Tanqıt kəndində Hacı Muradın məzarı açılıb və Dağıstanın Xunxaz rayonunda təkrar dəfn edilib.
Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Hacı Muradın cəsədinin qalıqlarının oğurlanması ilə bağlı prokurorluq orqanlarına müraciət daxil olmayıb.
“Prokurorluq orqanları bununla bağlı hər hansı araşdırma aparmır,” mətbuat xidmətindən bildiriblər.
Qax rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə məsləhət biliblər ki, bu barədə məlumat almaq üçün Daxili İşlər Nazirliynin mətbuat xidmətinə müraciət etmək lazımdır. Daxili İşlər Nazirliynin mətbuat xidmətindən isə hələ məlumat almaq mümkün olmayıb.
Bununla yanaşı, virtualaz.org saytının məlumatına görə, ictimai fəallar Azərbaycanın Qax rayonunun Tanqıt kəndində Hacı Muradın qəbrinin sinə daşının söküldüyünün şahidi olublar.
Milli Məclisin Qax rayonundan seçilən deputatı Azər Kərimli Modern.az saytına bildirib ki, Hacı Muradın məzarı Qax rayonun Tanqıt və Baydarlı kəndləri yaxınlığında sıx meşəlik ərazidədir.
“O məzar təkdir, meşə massivində, fındıqlıq ərazidədir. Yəni nə kəndin içində, nə də kənd qəbristanlığında olmadığından mühafizəsi yoxdur. Bu gün olan vəziyyətə görə, başdaşı, sinədaşı yerindədir. Sadəcə üzü məzara duranda sağ tərəfdə yer daşlarının söküldüyü görünür. Amma bu o demək deyil ki, qalıqlar qəbirdən çıxarılıb.”
Deputat qeyd edib ki, bunu aydınlaşdırmaq üçün komissiya yaradılmalıdır.
“Çünki bunu gözlə görmək mümkün deyil. Dəqiqləşmə üçün rayon səviyyəsində komissiya yaradılmalıdır.”
Kərimlinin sözlərinə görə, əgər qalıqlar aparılıbsa belə, oğurlanaraq aparılıb.
“Amma bunu dəqiqləşdirmək lazımdır. Adi gözlə baxaraq, bunu ayırd etmək mümkün deyil. Rusiya KİV-lərinin yaydığı məlumata münasibət bildirmək üçün qəbir rəsmi olaraq açılmalıdır. İndiki məqamda biz bunu nə təsdiq, nə də təkzib edə bilərik”.
Bununla yanaşı, “Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib.
Sayt Hacı Muradın qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. İyunun 2-də həmçinin onun qalıqlarının Xunxzaxda dəfn olunduğu iddia edilən fotolar yayılıb.
Hacı Murad (1816-5 may 1852) – Şimali Qafqaz xalqlarının görkəmli rəhbərlərindən biridir. Milliyətcə avardır. Lev Tolstoyun eyni adlı əsərinin baş qəhrəmanıdır.
Hacı Muradın kəlləsinin Azərbaycandakı məzarında dəfn edilməməsi məsələsi uzun illərdir müzakirə olunur.
Kəllə Rusiya Federasiyasının Muzey Fondunda olub və sonradan oradan götürülüb. Bununla belə, qohumlarının arasındakı fikir ayrılığına görə 2018-ci ilin əvvəlində kəllənin Kunstkameradan verilməsi baş tutmayıb. 2019-cu ilin yanvarında Hacı Muradın başının Dağıstana qaytarılması və dəfni planları barədə məlumat yayılıb. Ədalətli Rusiya Partiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov bununla bağlı müraciət edib.