Accessibility links

Hadi Xamneyi: Iranda bütün rəsmi tribunalar islahat əleyhdarlarinin ixtiyarina verilib


Hadi Xamneyi: Iranda bütün rəsmi tribunalar islahat əleyhdarlarinin ixtiyarina verilib
Hadi Xamneyi: Iranda bütün rəsmi tribunalar islahat əleyhdarlarinin ixtiyarina verilib

Hadi Xamneyi vurğulayıb ki, ölkədə ədalətli seçkinin keçiriləcəyinə hər hansı nişanə yoxdur: “Cənab Musəvi və Kərrubi imamın, İran xalqının və islahatçıların hörmət və ehtiramını qazanmış şəxsiyyətlərdir. Onların həbsə salınması bu şəxslərin cəmiyyətə təsirinin qarşısını almaq üçündür”.

İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyinin qardaşı Hadi Xamneyi Şiraz Universitetində müəllim və tələbələr qarşısında çıxış edərək ölkədəki vəziyyətdən, həbsdə saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən, qarşıdan gələn parlament seçkisindən danışıb. Hadi Xamneyi İranda islahat tərəfdarı kimi tanınır.

“Media forum” saytının məlumatına görə, Hadi Xamneyi deyib ki, islahatlar ideyasını cəmiyyətdə yaymaq prosesində ali təhsil ocaqlarının rolu böyükdür: “Universitet cəmiyyətin nəbzi və cəmiyyətdə baş verənlərin aynasıdır. Tələbə hərəkatları və onların apardığı fəaliyyətlər cəmiyyətin əksərinin tələblərinin göstəricisidir. Siyasi təfəkkür və cərəyanları heç yolla ləğv etmək, onların qarşısını almaq mümkün deyil. İslahat xalqın və cəmiyyətin təbiətindədir. Onu əks-təbliğatla aradan götürmək olmaz.

Bu gün ölkədə bütün rəsmi tribunalar islahat əleyhdarlarının ixtiyarına verilib. Onlar hər yerdə, hətta idman və əyləncə mərkəzlərində də islahat cərəyanına qarşı çıxışlar edib təbliğat aparsalar da, istədikləri nəticəni əldə edə bilməyiblər. Son iki ildə həmin tribunalardan islahat və onun tərəfdarlarına qarşı neçə min saatlıq əks-təbliğat aparılıb, dinc müxaliflərə olmazın böhtanlar və ittihamlar yağdırılıb. Halbuki onlara bu ittihamlara cavab vermək üçün kiçicik bir fürsət verilməyib. Belə ədalətsiz, sağlam rəqabət olmayan şəraitdə islahatçılardan növbəti parlament seçkisinə qatılmalarını necə gözləmək olar?”

Hadi Xamneyi vurğulayıb ki, ölkədə ədalətli seçkinin keçiriləcəyinə hər hansı nişanə yoxdur: “Cənab Musəvi və Kərrubi imamın (İran islam inqilabının lideri ayətullah Xomeyni nəzərdə tutulur – red.), İran xalqının və islahatçıların hörmət və ehtiramını qazanmış şəxsiyyətlərdir. Onların həbsə salınması onların cəmiyyətə təsirinin qarşısını almaq üçündür. Sözsüz ki, xalq içində nüfuz sahibi olan bu kimi şəxsiyyətlərin həbsdə saxlanması tamamilə əbəsdir. Bu iş nə ölkəyə xeyir gətirəcək, nə də milli maraqlarımıza. Bu yalnız problemləri çoxaldacaq.

Mən hesab edirəm ki, əvvəlcə xalqla barışıb onun hüquqlarına hörmət etməliyik, sonra onlardan tələb etməliyik ki, qanuna riayət etsinlər. Əgər biz özümüz qanunu pozuruqsa, insanların hüququna təcavüz ediriksə və cəmiyyətdə insanlarla hörmətlə davranmırıqsa, vətəndaşlardan nə cür uma bilərik ki, gəlib qanuna əməl etsinlər?”

XS
SM
MD
LG