Sumqayıt yaxınlığında avtotəmir sexində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, iyulun 28-də Bakı-Quba yolunun 29-cu kilometrliyində yerləşən avtotəmir sexində avtomobilin çəni ilə bağlı qaynaq işləri aparılarkən partlayış və yanğın baş verib. Sexin işçiləri Müsü Məlikov, Rövşən Məlikov və Akif Quliyev, həmçinin avtomobilin sürücüsü Fərhad Rüstəmov ağır bədən xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, ancaq həkimlər onların həyatını xilas edə bilməyiblər.
Fakt üzrə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3 maddəsi (əməyin mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.