Accessibility links

Hafiz Həsənov: Vətəndaş cəmiyyəti durğunluq dövrünü yaşayır


Hafiz Həsənov
Hafiz Həsənov

Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və problemlərdən danışıb.

Amerikanın Səsi: 2020-ci ildə Azərbaycanda vətəndaş cəmiyyətinin durmunu əvvəlki illələrlə necə müqayisə edərdiniz?

Nə qanunvericilik dəyişib, nə praktikada yenilik var, nə də fəaliyyət üçün əlverişli mühit var.

Hafiz Həsənov: 2020-ci ildə vətəndaş cəmiyyətinin durumu əvvəlki illərdən fərqlənməyib. Qeyri-hökumət təşkilatlarının, ümumiyyətlə vətəndaş cəmiyyətinin fəaliyyətində bir durğunluq müşahidə olunur. Düzdür, qeyri-hökumət təşkilatlarına qarşı əvvəlki illərdə, 2014-2015-ci illərdə, ondan sonrakı illərdə başlanan təqiblər indi yoxdur. Ancaq, nə qanunvericilik dəyişib, nə praktikada yenilik var, nə də fəaliyyət üçün əlverişli mühit var. Əslində, qeyri-hökumət təşkilatları əvvəlki illərdə, 2017-2019-cu illərdə necə faəliyyət göstəribsə, 2020-ci ildə də elə fəaliyyət göstərib. Faktiki olaraq belə qiymətləndirmək olar ki, 2020-ci ildə qeyri-hökumət təşkilatlarının fəaliyyəti əvvəlki illərdəki kimi durğunluq dövrünü yaşayır. Buna, bəlkə də fəaliyyətsizlik demək olar.

Hafiz Həsənov: Vətəndaş cəmiyyəti durğunluq dövrünü yaşayır
please wait

No media source currently available

0:00 0:07:35 0:00

Amerikanın Səsi: Ölkədə vətəndaş cəmiyyəti üçün hüquqi çərçivə, maliyyələşmə, QHT-lərin vergi münasibətləri və qeydiyyat tələblərində hansı yeniliklər baş verib?

Belə davam edərsə növbəti illərdə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları bir institut olaraq yavaş-yavaş əriyib yoxa çıxacaq. Sırf maliyyə imkansızlığı baxımından.

Hafiz Həsənov: Təbii, biz dəfələrlə bu məsələləri qaldırmışıq. Mən deyim ki, 2012-ci ilin sonlarında 2014-cü ilin əvvəllərində qeyri-hökumət təşkilatlarına qarşı qanunvericilikdə bir sıra reqressiv dəyişikliklər oldu. Bu dəyişikliklər qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyəti, maliyyə dayanıqlığı ilə bağlı məsələləri çox pis hala gətirdi. Bu gün qeyri-hökumət təşkilatlarının istər yaradılması, istər qeydiyyatı, istər fəaliyyəti, istər maliyyə dayanıqlığının təmin olunması, istərsə də qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı əlverişsiz mühit təmin edilib. QHT-lərin qeydiyyat sistemi sahəsində qanunvericilikdə müsbətə doğru dəyişikliklər olmayıb. Bu baxımdan müstəqil qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin qeydiyyatında ciddi problemlər qalmaqdadır. İkinci məsələ, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün onların maliyyə dayanıqlığı əsas məqamlardandır. 2013-ildə, 2014-cü ilin əvvəllərində qeyri-hökumət təşkilatlarının xarici donorlardan maliyyələşməsində ciddi məhdudiyyətlər müəyyən olunub. Bu məhdudiyyətlər indi də aradan qaldırılmayıb. Xarici donorların hüquqi olaraq fəaliyyəti ilə bağlı əlverişsiz, məhdud bir mühitin müəyyən olunması sayəsində, bu gün Azərbaycandakı diplomatik missiyaları və bir sıra beynəlxalq təşkilatları çıxmaq şərti ilə, xarici donorlardan maliyyələşmə məsələsi yoxdur. Ölkədə olan diplomatik missiyaların, səfirliklərin, beynəlxalq təşkilatlar kimi Avropa İttifaqının, Avropa Şurasının bir sıra layihələrinin bir hissəsi xidməti müqavilələr kimi rəsmiləşdirilir. Hansı ki, qrant müqavilələri kimi rəsmiləşdirilməlidir. Bir hissəsi isə olmur. Azərbaycana hətta ayrılması nəzərdə tutulan maliyyələr Cənubi Qafqazın, keçmiş sovet ittifaqının digər ölkələrinə ayrılır. Nəticə etibarı ilə bu gün qeyri-hökumət təşkilatlarının maliyyə dayanıqlığı ilə bağlı qanunvericilikdən irəli gələn problemlər onun fəaliyyəti üçün imkanlar yaratmır. Həmçinin, vergi məsələsi ilə bağlı məqamlarda QHT-lərə güzəştlər, imtiyazlar yoxdur. İndiki halda biz bunu da istəmirik. Biz sadəcə istəyirik ki, fəaliyyətimiz üçün müəyyən maliyyə imkanları olsun. Qanunvericilik müsbətə doğru dəyişsin. Ancaq məhdudiyyətlər hələ də qalmaqdadır. Əgər, belə davam edərsə növbəti illərdə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları bir institut olaraq yavaş-yavaş əriyib yoxa çıxacaq. Sırf maliyyə imkansızlığı baxımından. Çünki nəzərə alaq ki, QHT-lərin ölkədaxili özəl sektordan da maliyyələşməsi yoxdur. Vergi Məc'lləsində qeyri-hökumət təşkilatlarına kommersiya qurumları kimi hər hansı güzəşt stimulu məqamları yoxdur. Dövlət dəstəyi də xeyli az məbləğ təşkil edir. Belə bir məqamda qanunvericilikdə qeydiyyat, fəaliyyət, fəaliyyətə nəzarət, xarici donorlardan qrant əldə olunması ilə bağlı məhdudiyyətlər məhdud bir mühit yaradır. Bu mühitdə qeyri-hökumət təşkilatları fəaliyyət göstərə bilmir. Yəni, qanunvericilikdə müsbət dinamika yoxdur, əvvəlki donuq, məhdud hüquqi çərçivə qalmaqda davam edir.

Amerikanın Səsi: Hökumət-vətəndaş cəmiyyəti əlaqələri necədir? QHT-lər vətəndaş təşəbbüslərini hökumət və parlament qarşısında qaldıra bilirmi?

Hökumət qeyri-hökumət təşkilatlarını özünə tərəfdaş kimi yox, sanki bir təhlükə kimi hiss edir. Hesab edirəm ki, ali səviyyədə bu münasibətlər dəyişməlidir.

Hafiz Həsənov: Əslində qeyri-hökumət təşkilatları sektorunda böyük beyin potensialı var. Yəni, qeyri-hökumət təşkilatlarında xeyli təşəbbüslər var. Biz özümüz, Huqüq və İnkişaf İctimai Birliyi olaraq xeyli təkliflər vermişik. Ekspert qismində xeyli təkliflər verilib. Təəssüflər olsun ki, hökumət bu təkliflərə adekvat reaksiyalar vermir. Hesab edirəm ki, ümumiyyətlə hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqun formalaşması üçün hökumətin istəyi olmalıdır. Hökumətin yanaşması dəyişməlidir. Bu gün hələ də görünən odur ki, hökumət qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətlərini özünə dəstəkçi, tərəfdaş kimi yox, sanki bir təhlükə kimi hiss edir. Hesab edirəm ki, ali səviyyədə, ən yüksək səviyyədə bu münasibətlər dəyişməlidir. Hətta prezident səviyyəsində vətəndaş cəmiyyətinə münasibətdə açıq tonda müsbət mesajlar ifadə olunmalıdır. Ali siyasi iradənin davamlı həyata keçirilməsi istiqamətində bu münasibət dəyişməlidir. Bu yaxınlarda prezidentin köməkçisi Hikmət Hacıyev səviyyəsində qeyri-hökumət təşkilatları, yəni ixtisaslaşmış qeyri-qeyri hökumət təşkilatları ilə sektor-sektor geniş onlayn müzakirələr aparılıb. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. Bizim təşkilatın da daxil olduğu hökumət-vətəndaş cəmiyyəti dialoq platforması (bu, açıq hökumətin təşviqi ilə bağlı platformadır) çərçivəsində qanunvericiliyə konkret təkliflər hazırlanıb. Arayış hazırlamışıq, hansı normaların dəyişdirilməsi ilə bağlı əsaslandırma vermişik. Gözləyirik ki, dialoq davamlı olsun, indiyədək olan nəticəsiz danışıqlar kimi olmasın. Biz buna ümidliyik, amma hələ ki, müsbət bir impuls, nəticə yoxdur. Ümid edək ki, bu nəticələr olsun. Ən əsası ali səviyyədə, ali siyasi iradə ifadə olunsun. Bu gün siyasi partiyalar, media üçün praktik vəziyyət çətin olsa da, hüquqi mühit qeyri-hökumət təşkilatları ilə bağlı hüquqi mühitdən yaxşıdır. Hesab edirəm ki, yanaşma qanunvericilik səviyyəsində dəyişməlidir və praktik səviyyədə isə davam etdirilməlidir.

XS
SM
MD
LG