Accessibility links

Haiti sakinləri qaçırılan 17 missionerin azad edilməsini tələb edib


Haitinin paytaxtı Port-a-Prinsin şimalındakı Titanyen kəndinin sakinləri çərşənbə axşamı küçələrə çıxaraq, 400 Mavozo dəstəsi tərəfindən qaçırılan 17 missionerin azad edilməsini tələb edib.

Uşaqlar da daxil olmaqla, kəndin əsas yolu ilə gedən etirazçılar əllərində şüarlar və ağac budaqları tutub.

"Bu missionerlər olmasaydı burada gördüyünüz bir çox yaşlı uşaqlarını məktəbə göndərə bilməzdi. Bu missionerlər olmasaydı bu insanların çoxunun evi daşqınların altında qalardı. Bu missionerlər olmasaydı evlərimiz heç vaxt təmir olunmazdı. Bu gün gedə bildiyimiz bu yolu da onlar çəkib" - deyə, adının çəkməsini istəməyən etirazçılardan biri Amerikanın Səsinə bildirib.

Həmin şəxsin dediyinə görə, o, baş verənlərə biganə qala bilmir.

Adının Robert olduğunu deyən başqa bir etirazçı missionerlərin cəmiyyətin xilaskarı olduğunu deyib.

"Yollarımızı asfaltladılar, evlərimizi torpaq sürüşmələrindən və daşqınlardan qorumaqda bizə yardım etdilər. Dərhal onların azadlıqlarını istəyirik. Qaçıranlardan da bizim sülh içində yaşamağımıza imkan vermələrini xahiş edirik" - deyə, Robert Amerikanın Səsinə bildirib. O deyib ki, geniş yayılmış insan oğurluqları səbəbindən özünün də oğurlanmasından qorxduğu üçün universitetdəki təhsilini yarımçıq qoymağa məcbur olub.

Xristian Yardım Təşkilatının 16-sı amerikalı və 1-i kanadalı olmaqla, 17 missioneri oktyabrın 16-da paytaxtın şərqindəki Krua-de-Buketdəki bir uşaq evini ziyarət etdikdən sonra qaçırılıb.

The Wall Street Journal-ın yazdığına görə, Haitinin ədliyyə naziri Lizt Quitel özünü 400 Mavozo adlandıran dəstənin qaçırdıqları hər bir şəxs üçün 1 milyon dollar tələb etdiyini deyib.

The Wall Street Journal nazir Quiteldən sitat gətirərək, oğurlananlar arasında 8 aydan 15 yaşa qədər 5 uşağın olduğunu və onların Port-a-Prinsin yaxınlığında, təhlükəsiz bir evdə saxlandığını bildirib.

"Quitel deyib ki, heç nə ödənmədən 17 missionerin azad edilməsi üçün danışıqlar aparırıq" - deyə, The Wall Street Journal bildirib.

XS
SM
MD
LG