Accessibility links

Haiti Prezidenti Moizinin qətlində şübhəli bilinən 4 nəfər öldürülüb


Haiti Milli Polis Qüvvələrinin rəhbəri prezident Jovenel Moizini qətlə yetirməkdə şübhəli bilinən dörd nəfərin polislə atışmada öldürüldüyünü xəbər verir.

Polis şefi Leon Çarlz Port-o-Prinsdəki jurnalistlərə açıqlamasında “muzdlu” olaraq xarakterizə etdiyi digər iki şübhəlinin isə atışma zamanı həbs olunduğunu deyib. Şübhəlilər tərəfindən əsir götürülən üç polis zabiti isə sərbəst buraxılıb. Çarlz əməliyyatın detalları barədə məlumat verməyib.

Prezident Jovenel Moizi Port-o-Prins şəhərinin ətrafında yerləşən şəxsi iqamətgahında silahlı basqın nəticəsində qətlə yetirilib. Haitinin ABŞ-dakı səfiri Bocchit Edmond Vaşinqtonda jurnalistlərə verdiyi açıqlamasında ölkəsinin Dominik Respublikası ilə hava və su sərhəddlərinin bağlı olduğunu bildirib. Amerikanın Səsi tərəfindən silahlı şəxslərin milli mənsubiyyəti barədə suala cavab olaraq Edmond əmin olmadığını bildirib, ancaq deyib ki, polis tərəfindən əldə edilən və etibarlı hesab edilən video görüntülərə əsasən, qatillər özlərini ABŞ-ın Narkotiklərlə Mübarizə Agentliyinin agentləri kimi təqdim ediblər.

Hazırda Haitiyə Müvəqqəti Baş nazir Klod Cozef rəhbərlik edir.

Bundan əlavə səfir hücum zamanı da güllələnən birinci xanım Martine Moizinin vəziyyətinin stabil, lakin kritik olduğunu bildirib. O müalicə üçün Mayami şəhərindəki bir xəstəxanaya köçürülüb. Hücum zamanı prezidentin evdə olan uşaqlarından biri təhülkəsiz yerə aparılıb.

ABŞ Prezidenti Co Bayden Ağ Evdən yayımladığı açıqlamada sui-qəsdi pisləyib və Haiti xalqına baş sağlığı diləyib.

"Bu çirkin hərəkəti qınayırıq və mən birinci xanım Moizinin yaxşılaşması üçün səmimi arzularımı göndərirəm. Amerika Birləşmiş Ştatları Haiti xalqına başsağlığı verir, təhlükəsiz və etibarlı bir Haiti üçün kömək etməyə hazırıq".

Bayden həmçinin hücumu "narahatedici" adlandırıb.

XS
SM
MD
LG