Accessibility links

41 hakim barəsində intizam icraatlarına baxılıb


"Kobud pozuntular"la bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb.

Bu barədə Məhkəmə Hüquq Şurasının məlumatında deyilir.

Məlumata görə, 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.

Həmçinin icra haqqında qanunvericiliyin tələblərini pozan 3,700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2,000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb.

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 10,000-dən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən belə məhdudiyyət götürülüb.

Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın yarıdan çoxu ödətdirilib.

Azərbaycan məhkəmələri beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri tərəfindən tez-tez tənqidlərə məruz qalır. Ölkə prezidenti də məhkəmə islahatının vacibliyini bildirib.

Məhkəmə qərarlarından narazı olan yüzlərlə insan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Avropa məhkəməsi Azərbaycandan edilən şikayətlərin demək olar ki, əksəriyyətini təmin edib.

XS
SM
MD
LG