Accessibility links

HƏMAS Misirin sülh təklifini nəzərdən keçirmək üçün Qahirəyə gedir


HƏMAS-ın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyətinin cümə günü Qahirədə HƏMAS-la İsrail arasında müharibəyə son qoymaq üçün Misirin sülh təklifini nəzərdən keçirəcəyi gözlənilir.

Misirin üç mərhələdən ibarət sülh planına oktyabrın 7-də HƏMAS-ın İsrailə hücuma başladığı zaman girov götürülmüş insanların və İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi, müharibəni bitirəcək atəşkəs rejiminə riayət edilməsi və müharibədən sonra Qəzzanı idarə etməkdən məsul olan texnokratlardan ibarət Fələstin hökumətinin yaradılması daxildir.

Məlumata görə, HƏMAS və İslami Cihad bu təkliflə keçən həftə tanış olub. İslami Cihad da İsrailə qarşı döyüşür.

İsrail ordusu cümə günü Qəzzanın şimal, mərkəzi və cənubunda HƏMAS-a qarşı əməliyyatlarını havadan və yerdən davam etdirib. Sakinlərin dediyinə görə, gecə ərzində Qəzzanın mərkəzindəki Nüseyrət və Məğazi qaçqın düşərgələrində yaşayış binaları vurulub. Büreyc qaçqın düşərgəsində də şiddətli döyüşlərin getdiyi bildirilib.

Ən şiddətli döyüşlərin cənubdakı Xan Yunis şəhərində getdiyi deyilib. Qəzzanın Səhiyyə Nazirliyi cümə axşamı gecə saatlarında İsrail bombasının oradakı bir evə düşdüyünü, nəticədə 8 fələstinlinin həlak olduğunu bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, daha şimalda, Qəzzanın mərkəzindəki Məğazi qaçqın düşərgəsində bir evə raket zərbəsi endirilməsi nəticəsində 3 fələstinli ölüb, 6 nəfər yaralanıb.

Büreyc yaxınlığında İsrail tankları görünüb. HƏMAS döyüşçülərinin Bureycin şərqində İsrail tanklarını və əsgərlərini hədəf aldığını göstərən video yayımlayıb. Reuters xəbər agentliyi videoda göstərilənlərin doğru olub-olmadığını yoxlaya bilmədiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər ofisi Qəzza zolağında intensiv döyüşlərin, kommunikasiyaların tez-tez kəsilməsi, yolların bağlanması və yanacaq çatışmazlığının "humanitar əməliyyatlar üçün əhəmiyyətli problemlər yaratdığı" barədə xəbərdarlıq edib.

İsrail ordusu cümə axşamı bildirib ki, bazar günü Maqazi qaçqın düşərgəsinə endirilən hava hücumunda "[HƏMAS-la] əlaqəsi olmayan mülki şəxslərə dəyən ziyana görə təəssüflənir". HƏMAS-ın idarə etdiyi ərazidə Səhiyyə Nazirliyi ən azı 70 nəfərin öldüyünü bildirib.

Hərbi bəyanatda deyilir ki, İsrailin döyüş təyyarələri "Həmas əməliyyatçılarının yaxınlığında olduğu" iki hədəfi vurublar və ilkin araşdırmalar göstərib ki, yaxınlıqdakı digər binalar da vurulub və bu, "əlavə əlaqəsi olmayan mülki şəxslərə gözlənilmədən zərər vurub."

Forum

XS
SM
MD
LG