Accessibility links

Hande Harmancı: Qarşıdakı üç ay çox kritikdir


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmacı

“Qarşıdakı üç ay çox kritikdir. Yaz aylarında peyvəndlənmə olduğundan yoluxma sayında da azalma müşahidə olunacaq. Odur ki, üç ayda ciddi qorunmaq lazımdır."

Bu sözləri ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır.

“Son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür, 4 min civarında gündəlik yoluxma qeydə alınır. Bu, yaxşı xəbərdir. Karantin rejimi insanları yoluxdurmaqdan qorumaq üçündür. Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır. Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatım olmazsa ölə bilər. Bunu azatlmaq üçün tək yol insanların çox sayda bir yerə gəlməsinə mane olmaqdır”.

O qeyd edib ki, karantin rejiminin sərtləşməsi ilə bağlı qərar insanları qorumaq üçündür:

Normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yükə görə, evdə müalicə olunduğu və xəstəxanaya, oksigenə çata bilmədiyi üçün ölür. Bu səbəbdən yoluxma sayının azalması lazımdır.
Hande Harmacı

“Hökumət hər qərarında insanların sağlamlığını və iqtisadi vəziyyəti nəzərə alır. Bütün dünyada belədir. Fransada 50 mindən çox yoluxma olduğu üçün çox sərt karantin olmuşdu. Pandemiya əvvəldən onu göstərdi ki, yoluxmanın azalması üçün bu cür qərarlardan başqa bir “silah”ımız yoxdur. Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq. Normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yükə görə, evdə müalicə olunduğu və xəstəxanaya, oksigenə çata bilmədiyi üçün ölür. Bu səbəbdən yoluxma sayının azalması lazımdır”.

Hande Harmancı deyib ki, pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib, bəzi tibb müəssisələrində isə tibb işçilərinin çatışmazlığı müşahidə edilir.

O, qeyd edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək.

ÜST nümayəndəsi vaksinasiya məsələsinə toxunub. Onun sözlərinə görə , bəzi vaksinlər üçün bir çox ölkələr artıq lisenziya almağa başlayıb.

Harmancı hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyasının hazırlandığını xatırladıb.

“Biz də texniki dəstəyimizi veririk. ÜST-nin eksperti yaxın zamanda Azərbaycana gəlib öz dəstəyini verəcək. Strategiya tam hazır olduqdan sonra nə qədər vaksinin alınması məlum olacaq”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.​

Azərbaycanda COVID-19

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

XS
SM
MD
LG