Accessibility links

Harayın bu həftə mövzusu Azərbaycan və İranda dinə münasibətdir


Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

İranın ruhaniləri Azərbaycan respublikasında xüsusi ilə Şiə məscidlərinin sökülməsi məsələsini qaldırıblar. İranda isə Azərbaycan vilayətlərində tarixi abidələrin qorunub saxlanması və təmiri işlərinin yubadıldması barədə narahatçılıqlar mövcutdur.

Harayın bu həftəki mövzusu Azərbaycan respublikası və İrandakı azərbaycanlıların dini əlaqələri, iki ölkədə müsəlmanlar və başqa dinlərə məxsus abidələrin qorunub saxlanması məsələləridir. Mövzuyla bağlı Azərbaycan respublikasının dini qurumlar üzrə dövlət komitəsinin şöbə müdiri Gündüz İsmayılovla müsahibəni dinləyə bilərsiniz.

Sual: Azərbaycan Respublikası ilə İranda yaşayan azərbaycanlılar arasında dini münasibətlər necə nizamlanır?

Cavab: Təbii ki, biz soy etibarilə eyni millət olmağımıza, eyni dinin, eyni qanın daşıyıcısı olmağımıza baxmayaraq, ayrı-ayrı respublikaların vətəndaşlarıyıq. Bu ölkələrdə qanunlar fərqli olduğu üçün və ən asası fərqli dövlət üsul-idarə sisteminə malik olduğumuz üçün dini sahədə elə bir ciddi əlaqələrimiz yoxdur. Burada bir məqam da var ki, dini etiqad azadlığı haqda Azərbaycan Respublikasının qanununa görə əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda dini təbliğat apara bilməz. Bu nöqtəyi nəzərdən cənub qonşumuzun İran İslam Respublikasının vətəndaşlarının – bunlar azərbaycanlı və ya qeyri-azərbaycanlı olmasından asılı olmayaraq – Azərbaycanda vaxtilə dini təbliğat aparmaları, məscidlərə gəlmələri, müxtəlif formada islamı təbliğ etmələri faktları qeydə alınıb. Xüsusilə cənub bölgəsində İrandan gələn müəyyən dindar şəxslərin dini təbliğat aparması halları olubdur. Ancaq hazırda belə təbliğatın qarşısı alınıb. Hətta qardaş Türkiyədən belə din xadimlərinin Azərbaycanda təbliğat aparmasına qanun imkan vermədiyi üçün belə hallara yol verilmir. Buna baxmayaraq, prinsip etibarilə təbii ki, oxşarlıqlarımız çoxdur və bu oxşarlıq istər istəməz özünü din sahəsində də, dinə münasibətdə də göstərir. Bütün dünyada azərbaycanlıların dinə münasibətində bir tolerantlıq var.

Sual: Azərbayan Respublikası və İranda yaşayan azərbaycanlıların həyatında, dünya görüşündə islam dininin rolu nədir?

Cavab: İranda yaşayan azərbaycanlı soydaşlarımızın düzü dini sahədəki fəaliyyətlərini, onların dinə baxışlarını kifayət qədər araşdırmamışam, ancaq buradakı soydaşlarımızın dinə münasibətinin fonunda, ümumiyyətlə, tarixən azərbaycanlılarının dinə münasibəti fonunda bir neçə söz deyə bilərəm. Məsələn, Azərbaycan türklərində bütün dövrlərdə dinə həddən artıq tolerant münasibət olub. Bu tolerant münasibət digər islam xalqlarında yoxdur. Təsəvvür edin ki, Azərbaycanda yəhudilər 2500 il öncədən məskunlaşıblar. Bu 25 əsr ərzində bir dənə də olsun yəhudinin burnu bir azərbaycanlı tərəfindən qanadılmayıb. Yaxud başqa bir nümunə deyim: Xristanlığın meydana çıxdığı I əsrdə Şəkinin Kiş kəndində Kiş məbədi tikilib. O, indi də durur. İslam Azərbaycanda yayıldıqdan sonra (təxminən 640-cı ildən sonra) bu ərazidə bir nəfərdə olsun xristian yaşamayıb, ancaq Azərbaycan türkü bu məbədləri qoruyub saxlayıb. Bu, Azərbaycan xalqının tolerantlığına nümunədir. Güneydə də bu cür halları biz müşahidə edə bilərik. İran ərazisinda yaşayan azərbaycanlılar da dinə həddən artıq dünyəvi, mütərəqqi baxımdan yanaşırlar. Hətta o ərazidə vaxtilə atəşpərəst olan insanların müəyyən bir qisminin qaldığını bilirəm.

Sual: Azərbaycan Respublikasında dini abidələrə münasibət məlumdur. İran Azərbaycanında necə, dini abidələrə lazımi qayğı göstərilirmi? Məsələn Təbrizdəki Göy Məscidin bərpa işlərini götürək. Bu, on illərdir başa çatdırılmayıb.

Cavab: Təbii ki, indiki İran ərazisində milyonlarla soydaşımız yaşayır. Amma İran ayrı bir dövlətdir, müstəqil bir dövlərdir və Azərbaycan Respublikası müstəqil bir dövlətin daxili işlərinə qarışmır, o cümlədən də din siyasətinə. Biz İran ərazisində olan soydaşlarımızın abidələrinin vəziyyəti ilə bağlı monitorinq aparmamışıq. Ancaq əmin olmaq istərdim ki, İran islam respublikası olduğu üçün dini dəyərləri öndə tutan bir dövlət olduğu üçün bütün xalqların tarixi dini abidələrinə hörmətlə yanaşsın.

XS
SM
MD
LG