Accessibility links

Həsən Dəmirçinin vəfatının ikinci ildönümü qeyd edilib


İyunun 25-də səhər çağı, Təbrizin "Vadi-i Rəhmət" məzarlığında mərhum Həsən Dəmirçinin vəfatının ikinci ildönümü qeyd edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Azərbaycan milli fəalları və mərhum Həsən Dəmirçinin tələbələrinin iştirakı ilə təşkil edilən mərasimdə bir neçə milli fəal çıxış edərək, mərhumun Azərbaycan xalqı, mədəniyyəti sahəsində etdiyi xidmətlər və həmin fəaliyyətləri üçün məruz qaldığı çətinliklər, həbslər və işgəncələr haqqında danışıb.

Koronavirus pandemiyası səbəbi ilə mərasimdə az sayda insan iştirak edib. Mərasim ehtiyat tədbirlərə əməl edilərək keçirilsə də, təhlükəsizlik qüvvələri həmin mərasimə gəlib kameralar ilə iştirakçılar və çıxış edən şəxslərin videosunu çəkib.

El içində "Həsən Azərbaycan" adı ilə tanınan sənətkar, yazar, şair və milli mədəni fəal 2018-ci il iyunun 23-də ürək xəstəliyi səbəbi ilə Təbrizin bir xəstəxanasında vəfat etmişdi.

Dəmirçi 1986-cı ildə doktor Məhəmmədtağı Zehtabi ilə birlikdə "Azərbaycan Mədəniyyət Ocağı" adlı dərnəyin təsisçilərindən olub, həmin dərnəyin musiqi proqramını idarə edib.

O, muğamın təlimi haqqında bir neçə kitabın, o cümlədən beş cildli "Azərbaycanın Seçilmiş Mahnıları" və "Azərbaycan Muğamları" kitabının müəllifidir.

Həsən Dəmirçi İran hökuməti tərəfindən dəfələrlə həbs edilmiş və Təbrizdə onun tədris etdiyi "Azərbaycan" adlı musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə bağlanıb.

Tanınmış musiqiçi və ictimai xadim Həsən Dəmirçinin dəfn mərasimi iyunun 25-də Təbrizdə minlərlə vətəndaşın iştirakı ilə keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG