Accessibility links

Tanınmış sənətkar, türk fəal və ictimai xadim Həsən Dəmirçinin vəfatı İran Azərbaycanının gündəmində qalmaqda davam edir. Mərhum Həsən Dəmirçinin cənazəsi iyunun 25-də Təbrizdə torpağa tapşırılıb.

“Həsən Azərbaycan” adı ilə də tanınan 77 yaşlı sənətkarın dəfn mərasimi minlərlə vətəndaşın, o cümlədən İran Azərbaycanının digər bölgələri və Tehran kimi şəhərlərdən gələnlərin iştirakı ilə keçirilib.

İştirakçılar 25 iyun günorta saatlarında Azərbaycan “Gənclik Marşını” oxuyaraq və əlləri ilə bozqurd işarəsi tutaraq Təbrizin “Vadi Rəhmət” qəbiristanlığında böyük ustadla vidalaşıblar.

Tanınmış türk fəallar Həsən Raşidi və Əkbər Azad bir neçə digər fəalla bərabər Kərəcdən Təbrizə gedərkən yolda saxlanıblar və mərasimə qatıla bilməyiblər.

İran Azərbaycanı ilə bağlı məlumat yayımlayan internet portallarına istinadən, Həsən Dəmirçinin dəfn mərasimi İranın təhlükəsizlik qurumlarının basqı və təhdidlərinə rəğmən izdihamlı keçirilib.

Dəfn mərasiminə qatılmaq üçün başqa şəhərlədən Təbrizə gedənlərin bir qısmı yollarda saxlanılıb.

O cümlədən, tanınmış türk fəallar Həsən Raşidi və Əkbər Azad bir neçə digər fəalla bərabər Kərəcdən Təbrizə gedərkən yolda saxlanıblar və mərasimə qatıla bilməyiblər. Həsən Raşidinin öz Facebook səhifəsində bildirdiyinə görə, onlar sorğu-sual edilib və 14 saat sonra sərbəst buraxılıblar.

Həsən Dəmirçi şəxsi təşbbüsləri ilə Təbrizdə musiqi məktəbi təsis edib və gənc sənətkarları dəstəkləyərək, İran Azərbaycanında bir çox musiqiçi və müğənninin yetişdirilməsində önəmli rol oynayıb.

O, türk dil haqları urğunda mücadilədə həmçinin İran Azərbaycanına qarşı iqtisadi ayrı-seçkiliklərə etirazlarda fəal iştirakından əlavə zəlzələ kimi təbii fəlakətlərin baş verdiyi zamanlarda da yardım kampaniyaların təşkilində öndə gedən ictimai xadimlərdən olub.

Xüsusilə İran Azərbaycanında böyük üsyanın baş qaldırdığı 2006-cı ilin may ayından sonra Həsən Dəmirçi mütəmadi şəkildə İranın təhlükəsizlik qurumlarının təhdid və basqılarına məruz qalırdı.

O dəfələrlə həbs edilmiş və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə qapadılmışdır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG