Accessibility links

Güclü külək əsəcək


Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azneft” İstehsalat Birliyinin 1000 nəfərdən çox işçisi dənizdəki neft platformalarından quruya təxliyə olunub. Bu barədə “Azneft” İB məlumat yayıb.

Bildirilir ki, martın 30 və 31-də açıq dənizdə küləyin sürəti ara-bir 30 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dənizdə neftqazçıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.

Öz növbəsində, hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb. Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb. Onlar sığınacaqlarda, lövbərdə gözləmə mövqeyindədir.

Təhsil Nazirliyi isə uşaqları güclü küləkdən qorumaqla bağlı xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

XS
SM
MD
LG